XƏBƏR
6-11-2017, 23:02

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisasların təqdimatı olub

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisasların təqdimatı olub  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) yeni yaradılmış ixtisasların və yenidənqurma işlərinin təqdimatı keçirilib.

Qərbinfo.az-ın xəbərinə görə, təqdimata baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər qatılıblar.

Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, bu ilin sentyabrından ADBTİA-da “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılıb və tədrisinə başlanılıb.

Rektor qeyd edib ki, hər 3 ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə Böyük Britaniyanın Şeffild Hallam universitetində və “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə Böyük Britaniyanın UCL universitetində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulub.

F. Hacıyev onu da bildirib ki, 3 yeni ingilisdilli modul tipli magistr ixtisası ilə yanaşı, 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları yaradılıb.

Təqdimat zamanı qonaqlara ADBTİA-da yaradılan şərait və yeni infrastruktur haqqında ətraflı məlumat verilib.

Akademiyada “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası və yeni akt zalı yaradılıb.

İdman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulub, idman avadanlıqları ilə təmin edilib. Basketbol və həndbol idman zallarının təmirinə başlanılıb.






Son Xəbər