XƏBƏR, İDMAN
9-10-2017, 12:21

Azərbaycan millisi reytinq siyahısında geriləyəcək

Azərbaycan millisi reytinq siyahısında geriləyəcək Azərbaycan millisini FİFA reytinqində uçuruma yuvarlanmaq təhlükəsi gözləyir.
Qərbinfo.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin oktyabrda keçirilən görüşləri yığmamız üçün böyük uğursuzluqla nəticələnib.

Belə ki, komandamız FİFA reytinqində nə az, nə çox 115 xal itirib. Buna səbəb oktyabrın 5-də Çexiyaya 1:2, ayın 8-də Almaniyaya 1:5 hesablı məğlubiyyətlərdi.

Robert Prosineçkinin yetirmələri son FİFA reytinqində 388 xala malik idi. Bu iki məğlubiyyətdən sonra rəqəm 273-ə qədər enib. 115 xal itkisinin siyahıdakı mövqeyimizə ciddi təsir edəcəyi də aydındı.

92-ci pillədə olan Azərbaycan millisini gözləyən eniş hara qədər olacağını dəqiq söyləmək olmaz. Çünki hələ bir neçə gün millilərin oyunları baş tutacaq. Digər komandaların nəticələri yığmamızın da mövqeyinə cüzi təsir edəcək.

Yalnız onu söyləmək olar ki, hazırkı cədvəldə 273 xala malik Bəhreyn 118-cidi. Yığmamızı da təxminən bu mövqeyə yaxın pillələrdən biri gözləyir. Bir sözlə, komandamızı təxminən 26 pilləlik uçurum gözləyir.

Qeyd edək ki, novbəti siyahı oktyabrın 16-da açıqlanacaq.






Son Xəbər