XƏBƏR, İDMAN
27-09-2017, 16:45

Hollandiya mətbuatı “Qarabağ”dan yazdı

Hollandiya mətbuatı “Qarabağ”dan yazdı Bu gün Niderland Krallığının NOS xəbər yayım agentliyində (ölkənin 1 nömrəli rəsmi televiziya və radio agentliyidir) “Qarabağ” futbol klubu haqqında “Qaçqınların milyonluq top uğrunda mübarizəsi” başlığı altında məqalə dərc olunub”.

Qərbinfo.Az-ın məlumatına əsasən, müəllifi Artur Huizinga olan həmin məqalədə “Qarabağ” futbol klubunun tarixi ilə yanaşı, Ağdamın ermənilər tərəfindən işğal edilməsindən də geniş bəhs edilib. Belə ki, məqalədə “Qarabağ” klubunun əldə etdiyi ilk çempionluğunu sevinclə qeyd edə bilmədiyi vurğulanıb və bunun səbəbi kimi Ağdam şəhərinin çempionluqdan 1 həftə əvvəl ermənilər tərəfindən işğal edilməsi göstərilib.

Həmçinin, məqalədə 1993-cü ildə Ağdam şəhərinin aylar ərzində ermənilərin atəşi altında qaldığı, hətta futbolçuların top atəşi altında çıxış etməkdən qorxmadıqları bildirilib. Bununla yanaşı, 1993-cü ildə klubun Ağdam şəhərindən məhrum qaldığı və Ağdamın hazırda “ruhlar şəhəri” olduğu qeyd edilib, bu durumu əks etdirən fotoşəkil dərc olunub.

Sadalananlarla yanaşı, “Qarabağ” futbol klubunun hazırda da qaçqın komandası olduğu, 2010-2012-ci illər ərzində isə öz oyunlarını hələ də davam edən müharibə təhlükəsi altında olan qaçqın düşərgəsində keçirdiyi bildirilib. Eyni zamanda, müəllifin məqalədə, sözügedən müharibənin “yatan münaqişə” adlandırılmasına baxmayaraq, hələ də davam etdiyini, xüsusən də Ağdam şəhər sakinlərinin yarısının cəbhəyə yaxın olduğunu və oradan öz şəhərlərini görə bildiklərini qeyd edib.

Məqalədə “Qarabağ” futbol klubunun oyunçuları arasında hələ də məcburi köçkün həyatı yaşayanların olduğu vurğulanıb və onlar haqqında məlumat da verilib.






Son Xəbər