XƏBƏR, İDMAN, VİDEO
25-08-2017, 16:52

“Atletiko”ya qol vuran, “Çelsi”ni ÇL-in qrupunda saxlayan “Qarabağ”lılar - VİDEO

“Atletiko”ya qol vuran, “Çelsi”ni ÇL-in qrupunda saxlayan “Qarabağ”lılar Çempionlar Liqasında C qrupunda yer alacaq “Qarabağ”ı qarşıda çətin oyunlar gözləyir.

Qərbinfo.Az xəbər verir ki, turnirin final mərhələsində debüt edəcək komandamız “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalarla üzləşəcək. Adıçəkilənlərdən heç biri indiyə kimi təmsilçilərmizlə avrokuboklarda qarşılaşmayıb. Amma Ağdam klubunun heyətində elə oyunçular var ki, bu komandalara rəqib olub və hətta fərqləniblər də.

Bunlardan biri “atlılar”ın yarımmüdafiəçisi Miçel Markos Maderadı. İspaniyalı yarımmüdafiəçi La Liqada oynadığı vaxtlarda dəfələrlə “Atletiko” ilə matçların iştirakçısı olub. O, hətta bu oyunlarda qola da sevinib. 2011/12 mövsümündə “Xetafe”də çıxış edərkən Madera 49-cu dəqiqədə komandasını hesabda önə çıxaran qolu vurub, həmçinin oyunun gedişində sarı vərəqə də alıb. Yekunda "Xetafe" bu oyundan qalib ayrılıb - 3:2. Yarımmüdafiəçinin paytaxt təmsilçisinə qarşı son matçı (2013/14) isə komandası üçün faciəvi hesabla yekunlaşıb. Miçelin 59 dəqiqə meydanda olub, 1 sarı vərəqə aldığı qarşılaşmada “Atletiko” 7 cavasız qolla qalib gəlib. Adıçəkilən futbolçu madridlilərə qarşı ilk matçını isə 2008/09 mövsümündə Xixon “Sportinq”inin heyətində keçirib. Onun 90 dəqiqə meydanda olduğu görüşdə rəqib 3:1 hesabı ilə qalib gəlib.

Karyerası ərzində “Birmingem”in heyətində İngiltərə Premyer Liqasında da çıxış edən Miçel burada da 1 dəfə “Çelsi”yə rəqib olub. O, 2009/10 mövsümündə komandasının “Stemford Bric”də londonlulara 0:3 hesabı ilə məğlub olduğu oyunda 18 dəqiqə meydanda olub.

"Bakı"nın yetirməsi olan və hazırda karyerasını "Qarabağ"da davam etdirən Mahir Mədətov da "Atletiko"ya qarşı forma geyinmək şansı olub. O, 2013-cü ildə Tofiq Bəhramov adına Respubilka stadionunda "Bakı"nın heyətində yoldaşlıq matçında madridlilərin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın iştirakçılarındandı.

“Qarabağ”ın ehtiyat qapıçısı Anton Kanibalotski isə “Çelsi”yə qarşı oyunları ehtiyat skamyadan izləyib. Ukraynalı əlcək sahibi ÇL-in 2012/13 mövsümünün qrup görüşlərində “Şaxtyor”un evdə 2:1 qalib gəlib, səfərdə 2:3 hesabı ilə məğlub olduğu oyunlarda meydana çıxmayıb. Maraq üçün bildirək ki, sonda qrupda hər iki komandanın xalları eyni olsa da, donetsklilər şəxsi oyunlardakı nəticələrə görə “zadəganlar”ı üstələmişdi.







Son Xəbər