XƏBƏR, VİDEO
12-07-2017, 14:15

"Respublika" stadionunda "Qarabağ"-şou! - Yazı (VİDEO)

"Respublika" stadionunda "Qarabağ"-şou!Tofiq Bəhramov adına “Respublika” stadionunda ənənəvi qələbəlikdi. Yenə “Qarabağ” qitəmiqyaslı yarışlara qədəm basır və yenə də azərbaycanlı futbolsevərlər Qurban Qurbanov ilə vahid komanda olur. Hamı inanır. Ən çətin anlarda inanıblarsa, “Samtredia” ilə görüşdə necə inanmasınlar? Nə olsun ki, çempionumuz Avstriya toplanışı çərçivəsində keçirdiyi bütün qarşılaşmalardan məğlub ayrılıb!? Necə deyərlər, “cin ayrı, şeytan ayrı”...

Mete Kalkavanın oyunun başlaması haqda səsləndirdiyi fit ənənəvi “Qarabağ” yellənçəyi”nə də start verdi. Ancaq qonaqlar tələdən çıxmış yaralı pələngi xatırladırdılar. İlk dəqiqələrdə aqressiv görünən Gürcüstan çempionu futbolçularımızı həyəcanlandırmaq üçün xeyli səy göstərdi. Lakin artıq 10-cu dəqiqədə Mahir Mədətova qarşı qeydə alınan qayda pozuntusu “Samtredia”nın kefinə “soğan doğradı”. Əfran İsmayılovun zərbəsinin istiqamətini Omar Miqineşvili düzgün müəyyənləşdirsə də, qolkiperin əlinə dəyən top tora qovuşdu.

Qoldan sonra meydan sahibləri daha inamlı görünməyə başladı. Lakin yarım saatın tamamında Rəşad Sadıqovun zədələnməsi hər kəsi həyəcanlandırdı. İndi növbə Yakub Jezniçakın idi. Polşalı müdafiəçinin debütü hər kəs üçün maraqlı idi. Bu barədə yazının lap sonunda. Hələliksə “Qarabağ”ın barama qurdu kimi hördüyü ipək saplar barədə. Ənənəvi olaraq əzmkar oyunu ilə seçilən Dino Ndlovu çempionumuzun növbəti hücumunu 37-ci dəqiqədə boş qalmış qapıya baş zərbəsi ilə tamamladı.

Artıq hamının fasiləyə səsləyən fiti gözlədiyi anda Ndlovu yenidən səhnəyə çıxdı və qolkiperlə üz-üzə qaldığı epizodda gürcü əlcək sahibini qayda pozuntusuna vadar etdi. Cənubi afrikalı “nöqtə”yə yaxınlaşdı və Miqineşviliyə şans tanımadı – 3:0.

Fasilədən sonra tərəflər sanki ilk yarıdakı nəticəylə barışmışdılar. Ancaq əslində Qurbanovun komandası “Samtredia”nın futbolçularına bolluca “dimedrol” verməklə məşğul idi. Son 7 dəqiqədə isə rəqibi iflic edən daha iki qol: əvvəlcə ikinci hissədə Əfranı əvəzləyən Donald Qeyre, son dəqiqədə isə Miçel Madera 5:0-ı rəsmiləşdirdilər.

İndi də gördüyümüz mənzərə barədə. “Qarabağ” oyuna Riçard Almeydasız başlamışdı. İlk yarının ortalarında Rəşad Sadıqov lazaretə göndərildi. Yeni transferlər ehtiyat oyunçular skamyasında idi. Dani Kintananın adı protokola salınmamışdı. Və belə bir durumda “Qarabağ” rəqibinin üstündən tank kimi keçir! Biz Vanqa deyilik və gələcəyə yönəlik proqnoz vermək istəmirik. Amma budəfəki “Qarabağ” əvvəlki illərdən fərqli təsir bağışlayır. Daha mütərəqqi, daha ağıllı, daha istəkli. Əlbəttə, çempionumuz hələ ideal oyununu nümayiş etdirmir. Elə sevindirən də budu ki, “süvarilər”in artırmaq üçün potensialı görünür. Deməli, ümid çırağı yanır. Deməli, ...

Tələsməyək. Ancaq beynimizin bir nöqtəsində bu “deməli”ni saxlayaq. Hələliksə Qurban Qurbanovun yeni transferlərinə diqqət yetirək. Adətən bu cür nəticələrdən sonra diqqət mərkəzinə qol vuranlar, məhsuldar öürmə edənlər düşür. Ancaq matçda bəndənizi heyran edən Yakub Jezniçak oldu. Polşalı müdafiəçi uzun illərdi “Qarabağ”da görmək istədiyimiz “beton”u xatırlatdı. Hər dəfə Qurbanova “mərkəz müdafiəçisi lazımdı” deyəndə “axtarırıq” cavabını alırdıq. Ən çətin anda soyuqqanlı, əsl avropalı etibarı ilə seçilən müdafiəçini gördük ötən axşam. Hə, fərqinə varırıq ki, rəqib tükürpədici deyildi. Lakin buna rəğmən, Jezniçakın diaqnozunu qoyuruq: möhtəşəm transferdi!

“Qarabağ” “İnter”lə “Zirə”nin başladığı estafeti əla davam etdirdi. İndi estafet çubuğu yenidən “İnter”ə keçir. Saat gecə 3-ü çoxdan keçib. Təki bizim yuxusuz qaldığımız gecələr məhz bu cür sətirlərə görə baş versin. Bravo, “Qarabağ”! Davamını gətir, “İnter”!


CEYHUN ƏLİYEV










Son Xəbər