XƏBƏR, İQTİSADİYYAT
13-06-2017, 15:00

Azərbaycanda nağd ödəniş sistemi tarixə qovuşur

Azərbaycanda nağd ödəniş sistemi tarixə qovuşurAzərbaycanda bir sıra sahələr üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında bir sıra qanunlara dəyişiklik edilib.

“Əmək pensiyaları haqqında” qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir.

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bundan başqa, “Turizm haqqında” qanuna da eyni məzmunlu dəyişiklik edilir. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.

“Sosial müavinətlər haqqında” qanuna da dəyişiklik edilib. Bu qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.

“Sosial sığorta haqqında” qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik edilib. Belə ki, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək.

“Məşğulluq haqqında” qanunun 21.4-cü (Sosial yardım üçün təminatlar) yalnız nağdsız qaydada həyata keçiriləcək.

Həmçinin bir sıra qanunlara bu cür dəyişiklik edilib.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.






Son Xəbər