XƏBƏR, İQTİSADİYYAT
8-06-2017, 10:42

Bu il OPEC-in gündəlik neft hasilatı 32,3 milyon barrel olacaq

Bu il OPEC-in gündəlik neft hasilatı 32,3 milyon barrel olacaq Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı bu il gündəlik orta hesabla 32,3 milyon barrel olacaq.

Qərbinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci ildə OPEC üzrə neft istehsalı sutkada 32,8 milyon barrel təşkil edəcək.

EIA-nın əvvəlki hesabatına görə, 2017-ci və 2018-ci il üzrə OPEC-in neft hasilatına dair proqnoz müvafiq olaraq sutkada 0,4 milyon və 0,2 milyon barrel azalıb. Buna səbəb isə OPEC və bəzi qeyri-OPEC ölkələrinin mayın 25-də neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması barədə qərar vermələridir: “Hazırkı proqnozda OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin martından sonrakı dövrü də əhatə edəcəyi nəzərə alınıb”.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq, 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari il iyulun 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.






Son Xəbər