XƏBƏR, İQTİSADİYYAT
2-06-2017, 09:00

Pomidor istehsalçılarına yaşıl işıq

Pomidor istehsalçılarına yaşıl işıqRusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev qarşıdakı 3 il ərzində Türkiyədən pomidor almayacaqlarını bəyan edib.

Qərbinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu qərarı yerli istehsala önəm verilməsi ilə əsaslandırıb:

“Növbəti üç il Rusiyada pomidor istehsalı ilə bağlı sınaq ili olacaq. İndidən idxalı az qala iki dəfə azaltmışıq. Ölkədə 800 min ton pomidor yetişdiririk. Məhsuldarlığı təxminən yarım milyon ton da artırmalıyıq. Bunun üçün üç-beş il vaxt tələb edilir. Bu səbəbdən də yaxın gələcəkdə türk pomidorlarının Rusiyaya idxalı mümükün deyil”.

Qeyd edək ki, Türkiyə pomidorunun Rusiyaya idxalı 4 iyul 2016-cı il tarixində fitosanitar mülahizələr səbəbindən qadağan olunub. Hər iki ölkənin kənd təsərrüfatı nazirliyi artıq bir müddətdir məsələ ilə bağlı məsləhətləşmələr aparsalar da görünür, müzakirələr nəticəsiz qalıb.

Onu da bildirək ki, Rusiyaya Türkiyədən idxal edilən tərəvəzin qiyməti bu ölkənin yerli məhsullarından ucuz olurdu. Nəticədə rus tərəvəzləri bazarda rəqabətə tab gətirmirdilər.

Məlumat üçün qeyd edək ki, Türkiyə tərəvəzlərinə qadağa qoyulması Azərbaycanın yerli kənd təsərrüfatı istehsalçılarının öz məhsullarını Rusiya bazarına çıxarmasına şərait yaradıb. Belə ki, Azərbaycan pomidorları da qiymət baxımından bazarda Türkiyə pomidorlarına uduzurdular. Hazırda isə Rusiya bazarındakı ən böyük rəqib yoxdur.

Gömrük Statistikası göstərir ki, 2016-cı ildə Azərbaycan Rusiyaya 100645.69 ton, yəni 93955.02 min dollar dəyərində təzə və soyudulmuş pomidor ixrac edib.






Son Xəbər