XƏBƏR, SİYASƏT
17-11-2022, 15:15

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. Bu məğlubiyyətin də səbəbləri bəllidir. O vaxtki antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar. Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər.

Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Azərbaycan təbii ki, çalışdı bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik. Nəhayət Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, Azərbaycan öz ordusunu lazımi silahlar və texnika ilə təchiz etməli idi. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə ölkəmizin maliyyə, iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və ölkəmiz bunu etdi. Ölkəmizin iqtisadiyyatı gücləndi. Azərbaycan dövləti bu gün öz hesabına yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil. İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır.

Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Ölkəmiz bunu etdi, yaratdı və iqtisadi asılılığı tamamilə aradan qaldırdı. Əgər ölkəmiz kimdənsə iqtisadi cəhətdən asılı olsaydı, müharibəni uğurla başa vura bilməzdi. Dövlətimiz vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasət aparmışdır. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri idi və buna nail oldu. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar Ali Baş Komandan İlahm Əliyevin apardığı siyasət nəticəsində daha sıx birləşdilər. Azərbaycan böyük bir ailədir. Azərbaycanda yaşayan bütün xalqlar bu böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə biz xalq olaraq bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə Azərbaycan dövləti on minlərlə hərbçiyə və arxa cəbhədə döyüşən hər bir vətəndaşına borcludur. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir.

Şövqi Həsənov
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı






Son Xəbər