XƏBƏR, SİYASƏT
15-11-2022, 11:45

Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası.

Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası.

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tari¬xi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.

Bildiyimiz kimi demokratik hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalıdır.Cəmiyyətin siyasi sistemi və konstitusion idarəetmə üsulu barədə üç əsr bundan əvvəl siyasi filosoflar Lokk, Humbolt, Monteskyö fikirlər söyləmişlər. Müasir konstitusiyalar yaranana qədər - hələ XVIII əsrin axırlarından Avropa və Amerikada ilk konstitusiya sənədləri meydana çıxmışdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir."Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

İlk dəfə olaraq Konstitusiyamızda fransız siyasi mütəfəkkiri Mönteskyonun irəli sürdüyü və demokratik hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olundu.

Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.

Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı.

Fəxrəddin Vəliyev
YAP Şəmkir Rayon Təşkilatının Sədri






Son Xəbər