XƏBƏR, SİYASƏT
1-11-2022, 10:55

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır.

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır.

Azərbaycan və Gürcüstan xalqları arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Yaşca tarixin özü qədər qoca olsa da, günbəgün möhkəmlənən bu dostluq zamanın çarpaşıq, kələ-kötür yollarında böyük sınaqlardan keçib. Fərəhlidir ki, xalqlarımız arasında heç vaxt anlaşılmazlıq olmaylb. İstər Azərbaycan torpaqlarında məskunlaşmış gürcülər, istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar tarix boyu özlərini doğma vətənlərindəki kimi hiss etmiş və bu dostluğun əbədiyaşarlığına öz layiqli töhfələrini vermişlər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə qədirbilən xalqımızın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Gürcüstanla münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu. Həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan qardaş Gürcüstanla ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin martında isə Tbilisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin möhkəmlənməsinə əlavə stimul verdi.

Gürcüstanla Azərbaycanı bir-birlərinə daha sıx tellərlə bağlayan hər şeydən öncə qlobal enerji və nəqliyyat kommunikasiya layihələridir. 1998-ci il sentyabrın 7-8-də 400 ildən bəri unudulub, yaddaşların o tayında qalmış, Azərbaycandan Çinədək uzanan 33 ölkəni yenidən vahid bir ideya mərkəzində birləşdirəcək tarixi Böyük İpək Yolunun bərpası ilə əlaqədar paytaxtımızda keçirilən beynəlxalq konfrans, həmin ilin oktyabrında iki ölkə arasında məhəbbət və sədaqət rəmzinə çevrilmiş yeni dostluq körpüsünün açılışı, 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin 2005-ci ildə istifadəyə verilməsi ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da qranitləşib əbədiyaşarlıq hüququ qazanmasında mühüm rol oynadı. Azərbaycan ən çətin vaxtlarda belə, Gürcüstana qardaşlıq yardımı göstərən dövlət olmuşdur. Azərbaycanın qışın qarlı-şaxtalı günlərində qardaş ölkəni qazla təmənnasız təmin etməsini Gürcüstan rəhbərliyi və gürcü xalqı bu gün də minnərdarlıqla xatırlayır. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, həm də əsl qardaşlıq rəmzi idi.

Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 24-də Gürcüstanda işgüzar səfərdə olması bunun bariz nümunəsidir.Qeyd etmək lazımdırki, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir. Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır. Nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilmişdir və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir.Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfələr vermişdir.Bir sözlə, münasibətlərdə yeni səhifə açacaq bu səfər bir daha təsdiqlədi ki, iki ölkənin imza atdığı uğurların təməlində xalqlarımızın, liderlərin dostluğu və birgə fəaliyyət dayanır.

Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri








Son Xəbər