XƏBƏR, İQTİSADİYYAT
30-05-2017, 18:00

Şəmkirdə yetişdirilən pomidorun 70 faizi Rusiyaya ixrac edilir

Şəmkirdə yetişdirilən pomidorun 70 faizi Rusiyaya ixrac edilir“Şəmkir rayonun kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri tarla işləri ilə məşğuldur. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub ki, bu da hazırda bol məhsulun əldə olunmasına səbəb olub.”

Bu sözləri Qərbinfo.az-a açıqlamasında rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Kamil Yusibov bildirib.
Onun sözlərinə görə, hazırda Şəmkirin 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar.

Kamil Yusibov qeyd edib ki, bu iş rayonun Əliyaqublu, Muxtariyyat, Dəllər Cəyir, Qaracəmirli, Yeniabad, Yeni Həyat, Mahmudlu, Keçili, Xuluf kəndlərində geniş yayılıb. Bu kəndlərdə faraş tərəvəzçilik əkininə çox erkən, yəni dekabr ayında başlanılır: “Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır və aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Hazırda kəndlərdə pomidor və xiyar şitillərinə qulluq edilməsi, eləcə də yetişən məhsulun toplanılaraq müştərilərə satılması istiqamətində işlərin qızğın çağıdır.”

Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsini mudiri onu da qeyd edib ki, rayonun kəndlərində əhalinin, demək olar ki, 90 faizi istixanalarda pomidor və xiyar yetişdirir: “Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə aparır.”

K.Yusibovun sözlərinə görə, kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar: “Pomidorun bir kiloqramı 0.70-0.80 manata, xiyarın bir kiloqramı isə 0.40-0.50 manata satılır. Rayonda istehsal olunan pomidorun təxminən 70-80 faizi Rusiyaya ixrac edilir. İş adamları kəndlərə gedərək həyətlərdə məhsulu vətəndaşlardan münasib qiymətə alaraq orada qablaşdırırlar və yük avtomobiləri ilə Rusiya bazarlarına aparırlar.”

Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olan istehsalçıların 60-70% istixanalarda ildə 2 dəfə məhsul götürə bilirlər. Bu il rayonda 4099 nəfər 896 hektar sahədə pomidor və xiyar məhsulları yetişdiriblər. Hazırda bir hektardan orta məhsuldarlıq 90-95 sentner, yəni 80-90 min ton tərəvəz məhsulu gözlənilir. Bundan 50-55 min ton məhsul tədarük edilərək satılıb. Hazırda Şəmkirdə məhsul yığımı davam etdirilir.


Uğur Məmmədli






Son Xəbər