XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
22-09-2022, 14:55

"Prezident İlham Əliyev ŞƏT Sammitində milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi"

"Prezident İlham Əliyev ŞƏT Sammitində milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi"

"Prezident İlham Əliyev ŞƏT Sammitində milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi"
Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı ilə Azərbaycanın geniş tranzit və nəqliyyat-logistika imkanlarına malik olmasını həm tədbir iştirakçılarının, həm də beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı.
Bu gün ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf edir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin ildə 25 milyon tona qədər artırılacağı qarşıya məqsəd qoyulub.
Son 20 ildə ölkəmizdə 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilməsi və ya əsaslı təmir edilməsi Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının inkişafına xidmət edir. Həmçinin 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu da inşa edilir ki, bu da bu istiqamətdə həyata keçirilən işlərə böyük töhfədir. Bundan əlavə, Azərbaycan regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olan ölkədir. 2024-cü ilin sonuna qədər ölkəmizdə beynəlxalq hava limanlarının ümumi sayının 7-dən 9-a çatdırılması ölkəmizin bu sahədə də birinciliyini qoruyub saxlamasını şərtləndirəcək.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyev ölkəmizin haqq işinə diqqət çəkərək Vətən müharibəsindəki Zəfərimizlə yaranmış yeni reallıqların iqtisadi əhəmiyyətindən bəhs etdi. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.
Dövlətimizin başçısı, həmçinin sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini Sammit iştirakçılarının diqqətinə çatdıraraq Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vurğuladı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğuna da diqqət çəkdi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizdəki vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Lakin Azərbaycan Qarabağ münaqişəsini öz gücünə hərbi-siyasi yolla həll edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bir sözlə, ölkəmiz öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.
Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.






Son Xəbər