XƏBƏR, SİYASƏT
2-12-2021, 12:07

Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib

Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təntənəli mərasim təşkil edilib. Tədbirdə polyak dilində hazırlanmış Nizaminin seçilmiş əsərlərindən ibarət kitabın, eləcə də şairə həsr edilmiş poçt acıqcasının təqdimatı keçirilib. Mərasimdə kitabın illüstrasiyalarının müəllifi, gənc Azərbaycanlı rəssam Məryəm Əsədova tərəfindən çəkilmiş rəsm əsərlərinin sərgisi qonaqlara təqdim olunub.

Səfirlikdən Qərbinfo.az-a verilən məlumata görə, tədbirə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Günay Əfəndiyeva, Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yeji Duşinski, Polşa müsəlmanlarının müftisi Tomaş Mişkeviç, Polşa Yazıçılar İttifaqının prezidenti Anna Naşilovska, Polşa Poçtunun nümayəndələri, ölkənin ali təhsil müəssisələri və akademik cəmiyyətin rəhbər üzvləri, dövlət və ictimai xadimlər, ölkədə fəaliyyət göstərən diplomatik korpusun üzvləri, habelə Polşada yaşayan Azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova açaraq, bu gün dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini vurğulayıb. Səfir tədbirin və Nizami Gəncəviyə həsr edilmiş kitabın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya, Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yerji Duşinskiyə və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bilidirib.

N.Qurbanova Nizami Gəncəvinin yaradıcılığından danışaraq, şairin “Xəmsə”sinin, yazdığı qəzəl, qəsidə və rübailərdən ibarət ölməz əsərlərin təkcə Yaxın və Orta Şərqdə deyil, eyni zamanda uzaq sahillərdə dünyanın əksər xarici dillərinə tərcümə edilərək sevildiyi və bu günümüzə qədər təsirinin saxlandığını qeyd edib.

N.Qurbanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğunu və sözügedən ədəbi-musiqili gecənin təşkilinin dahi şairin möhtəşəm mirasının qorunmasına önəmli töhfə kimi qiymətləndirib.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək, tədbirin Frederik Şopenin və Adam Miskeviçin vətəni olan Polşada, Avropanın ən gözəl şəhərlərindən biri Varşavada keçirilməsindən məmnunluq duyduğunu vurğulayıb.

Fondun prezidenti bu ilin əlamətdar olduğunu bildirərək, bütün Türk Dünyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi torpaqlarının – Qarabağın geri qaytarılmasının Zəfərini qeyd etdiyini diqqətə çatdırıb. Günay Efəndiyeva eyni zamanda, bütün Türk Dünyasının əsrlərin nəhəngləri – Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin və bir çox digər dahi şəxsiyyətlərin yubiley ildönümlərini qeyd etdiyini vurğulayıb.

Fondun prezidenti “ 880 il çox mühüm bir rəqəmdir, ancaq Nizaminin bizə qoyduğu miras hətta 880 ilin çərçivələrinə sığışmır. Nizami daima müasirdir. Onun yaradıcılığını təşkil edən dəyərlər - ümumbəşəri dəyərlərdir” -deyə bildirib.

Günay Əfəndiyeva Nizaminin yaşayıb yaratdığı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan, şairin “Sehrkarlar diyarı” adlandırdığı Gəncə şəhəri barəsində danışaraq, onun yaradıcılığının yalnız Gəncənin deyil, bütün Türk Dünyasının bəşəri sərvəti olduğunu qeyd edib. Fondun prezidenti dahi şairin pəhləvi, fars, ərəb və yunan dillərində bilməsinə baxmayaraq, onun mənəvi-poetik dili türk dili olduğunu xüsusilə vurğulayıb. G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsini yalnız klassik Azərbaycan ədəbiyyatına deyil, ümumtürk ədəbiyyatına böyük ehtiramın parlaq ifadəsi kimi dəyərləndirib.

Rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, eyni zamanda Fondun müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirərək, onlar arasında güclü mədəni körpü yaratmağa çalışdığını vurğulayıb.

Tədbirdə Polşanın Milli Elmlər Akademiyasının prezidenti Yerji Duşinski çıxış edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş mərasimin önəmindən danışıb. Y.Duşinski N.Gəncəvinin təkcə Azərbaycanda və Şərqdə deyil, eyni zamanda Qərb dünyasında da sevildiyini və dünya ədəbiyyatına, fəlsəfi fikrinə təsirinin olduğunu qeyd edib. Y.Duşinski tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, eyni zamanda Azərbaycan xalqına öz təbriklərini çatdırıb.

Polşa Yazıçılar İttifaqının Prezidenti xanım Anna Naşilovska tədbirdə çıxış edərək, Nizami Gəncəvinin seçilmiş əsərlərindən ibarət polyak dilində nəşr edilmiş kitab barəsində danışıb. O, Nizami Gəncəvinin şeirlərinin polyak dilində ilk dəfə işıq üzü gördüyünü vurğulayaraq, kitabda əks edilmiş dahi şairin əsərlərinin Polşada seviləcəyini əminliklə qeyd edib.

Tədbirin bədii hissəsində Azərbaycan musiqi sənətini araşdıran polşalı tədqiqatçı Aneta Strzemzalska və gənc tələbə İlham Quliyevin ifalarında Nizami Gəncəvinin seçilmiş şeir parçaları polyak və Azərbaycan dillərində səsləndirilib. Mərasim konsert proqramı ilə davam edib. Tədbirdə Avstriyada yaradıclıq fəaliyyəti ilə məşğul olan Azərbaycanlı və Avstriyalı sənətçilər : beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilovun (bariton) və aktrisa Karen Danger-Manafzadənin (soprano) ifasında Azərbaycanın böyük bəstəkarı Ü. Hacıbəyovun “Sənsiz”, “Sevgili Canan” romansları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən digər musiqi əsərləri səsləndirilib.

Mərasimin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və şirniyyatlar paylanmışdır.

Tədbir Polşanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.






Son Xəbər