XƏBƏR, SİYASƏT
26-10-2021, 15:27

"Bu qədim tarixə malik bölgəmiz erməni təcavüzünün canlı şahididir"

"Bu qədim tarixə malik bölgəmiz erməni təcavüzünün canlı şahididir"

Qarabağ bölgəsi tarixən Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu qədim tarixə malik diyarımız tarixi, dini abidələrinin, maddi-mədəniyyət nümunələrinin, arxeoloji tapıntılarının zənginliyi ilə seçilmişdir. Lakin işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində Azərbaycanın bu səfalı guşəsini viran etmişdir.

Ermənilər Qarabağ ərazisində milli irsimizi kütləvi surətdə məhv etmiş, qədim tarixi-dini abidələrimizi, yaşayış evlərini, binaları dağıtmış, sözün əsl mənasında, daşı daş üstündə qoymamışlar. Vaxtilə işğal altında qalmış ərazilərdəki 67 məsciddən 63-nün ermənilər tərəfindən dağıdılması erməni vandalizminin bariz nümunəsidir.
Ermənilərin milli irsimizə, tariximizə qarşı törətdikləri təcavüz aktları bununla da yekunlaşmamışdır. Özünə aid torpaqları, tarixi, milli dəyərləri olmayan bu kütlə Azərbaycana məxsus tarixi abidələri erməniləşdirmiş, öz abidələri kimi qələmə vermiş, bununla tarixi saxtalaşdırmağa çalışmışdır. Qarabağda törədilmiş qanunsuz əməllər, dağıdılmış ərazilərimiz erməni vəhşiliyinin təzahürüdür. Bu qədim bölgəmiz erməni təcavüzünün canlı şahididir.

Mənfur düşmənin Qarabağda törətdiyi vandallıq heç bir çərçivəyə sığmır, bu vəhşiliklər, milli irsə, ətraf mühitə vurduqları böyük zərər beynəlxalq hüquqa təhdid olmaqla yanaşı, müharibə cinayətidir.

44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. Bununla Azərbaycan təkcə işğala deyil, eyni zamanda, ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə, tariximizə qarşı yönəlmiş təcavüzə son qoydu.
Erməni vəhşiliyinin ən böyük qurbanlarından biri də Füzuli şəhəri olmuşdur. Şəhərdə törədilmiş dağıntılar o həddə çatmışdır ki, Füzuli işğaldan azad olunarkən bayrağımızı sancmağa heç bir tikili, bina tapılmırdı. Füzulinin işğaldan azad olunması ilə artıq Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib erməni vəhşiliyini öz gözləri ilə görə bilirlər.

Hər bir Azərbaycan vətəndaşının da borcudur ki, Qarabağ həqiqətlərinin təhrif olunmadan bütün dünyaya, eyni zamanda, gələcək nəsillərə çatdırsın.






Son Xəbər