XƏBƏR
23-10-2021, 12:02

"Müstəqillik ölkəmizin başlıca prinsipidir"

"Müstəqillik ölkəmizin başlıca prinsipidir"

Qərbinfo.az
Oktyabrın 13-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistin suallarını cavablandırarkən beynəlxalq münasibətlər və Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar baxımından ciddi əhəmiyyət kəsb edən bir sıra məsəllələrə münasibətini bildirmişdir.
Azərbaycan , Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın icrası ilə bağlı Qarabağda müvəqqəti xidmət çəkən Rusiya sülhməramlılarının fəaliyyətinə qiymət verərkən onların işini ümumən qənaətbəxş olduğunu ifadə etmiş və bəzi xırda xoşagəlməz hadisələrin gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görüldüyünü vurğulamışdır: “…Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun”.
Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən söhbət açan dövlətmizin başçısı qeyd etmişdir ki, bununla bağlı xüsusi investisiya proqramı qəbul edilmiş, cari il üçün dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ekvivalentində vəsait ayrılmışdır. Əsas hədəf isə keçmiş məcburi köçkünlərin burada yaşayış hüququnun təmin edilməsidir: “…Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.
Cənab İlham Əliyev bu işlərin sürətinin və səmərəsinin artırılması məqsədilə dost ölkələrin, o cümlədən İtaliya şirkətlərinin bu ərazidə fəaliyyətinin təmin edildiyini diqqətə çatdırıb: “İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib… İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
Jurnalistin Avropada təbii qaza artan təlabat fonunda Azərbaycanın mövqeyini aydınlaşdırmaq istəyinə cavab olaraq Prezident İlham ƏliyevAzərbaycan əsasən diqqətin Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib və İtaliyanın artıq Azərbaycandan qaz qəbul etdiyini bildirib. Bu istiqamətdə gələcək planlara toxunan ölkəmizin başçısı yeni yataqlarının kəşf edildiyini və xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayələrin yatırıldığını bildirmişdir.iqqət yönəltmişdir.
Hazırkı geosiyasi durumda Azərbaycanın xarici siyasətinin prioritetlərinə gəlincə, dünyada baş verən diqqətçəkən hadisələrə təmkinli yanaşmasını ortaya qoyan Azərbaycan Prezidenti “Taliban” hökumətinin tanınması ilə bağlı qərarın ilk növbədə Əfqanıstanın qonşularının verməli olduğunu söyləmişdir: “Azərbaycan hazırda hər hansı bir addımın atılması mərhələsində deyil…Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb…Azərbaycan öz missiyasını sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra etmişdir”.
Son günlər İranın yeni hökumətinin iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirən qeyri-adekvat addımları nəticəsində yaranmış narahatlıqlar və anlaşılmazlıqlar siyasi çevrələrin diqqətlə izlədiyi məqamlardandır. Müsahibəsində bu məsələlərə geniş yer ayıran cənab İlham Əliyev Azərbaycanın müstəqil ölkə olaraq beynəlxalq hüquq normaları çərçivəsində, sülh və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində digər ölkələrlə, o cümlədən qonşu dövlətlərlə münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirmişdir: “Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz…Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir…Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik”.
Ölkəmizin enerji ehtiyatları və nəqliyyat potensialı Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərini müəyyənləşdirən faktorlardır. Belə ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Dövlətimizin başçısı bu prosesin bir hissəsi olmağı planlaşdıran Avropa İttifaqının Cənubi Qafqazda postmüharibə dövrünün inkişafına töhfə verəcəyinə inamını ifadə etmişdir.
Bütün bunlarla yanaşı, Vətən müharibəsində dünya erməniliyi üzərində parlaq tarixi Qələbə qazanmış Azərbaycanın artan nüfuzunu həzm edə bilməyən bəzi qüvvələrin informasiya təxribatları da gündəmdə yer almaqdadır. Cənab İlham Əliyev üzdəniraq “Pandora sənədləri” ilə bağlı sualı cavablandırarkən bu məsələyə böyük təmkinlə və güclü məntiqə söykənən təkzibedilməz arqumentlərlə siyasi qiymət verərək bu işin Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün Qərbdə bəzi qüvvələrin vaxtaşırı müxtəlif iftiralardan və böhtanlardan istifadə etməsi ilə əlaqəli olduğunu bildirmişdir: “İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.
Bundan əvvəl uğurlu sahibkar olan Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə, xüsusilə xalqımızın milli, dini və mənəvi irsinin bərpa edilməsində müstəsna xidmət nümunələri nümayiş etdirir. Məsələn, Fondun maliyyə dəstəyi ilə Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpa edilir, beş mindən çox qaçqın ailəsi üçün evlər tikilib. Görünür bu uğurlar Qərbdə bəzi dairələrin qısqanclığına səbəb olur və bizi öz iradələrinə tabe etdirmək üçün mənəviyyatdan uzaq şantaj xarakterli vasitələrə əl atırlar. Buna cavab olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev sonda bütün bu təxribatlara “Yox!” deyərək və “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!” söyləməklə öz cəsarətini, iradəsini və dönməz mövqeyini ifadə etmişdir.






Son Xəbər