XƏBƏR, SİYASƏT
15-10-2021, 15:00

Prezident: "Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir"

Prezident: "Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtərə səfəri zamanı Talış kəndində və Suqovuşan qəsəbəsində dövlət bayrağını ucaltdıqdan sonra çıxış edərkən bildirib ki, bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edildi: «Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin».
Suqovuşan qəsəbəsinin azad edilməsinin strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən ilin oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi”.Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli cəhətindən danışan dövlətimizin başçısı deyib ki, birinci kəndlər - 6 kənd sentyabrın 27-də müharibənin ilk günündə azad olunmuşdu, oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi.“Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”, - deyə Azərbaycan Prezidenti bildirib. “İndi müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad olundu. Oktyabrın 4-də bir çox kəndlər, o cümlədən Cəbrayıl şəhəri azad edildi. Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq»,-deyən dövlət başçısı Suqovuşan qəsəbəsində çıxışı zamanı Vətən müharibəsinin ilk həftəsində qazanılmış mənəvi üstünlüyün əhəmiyyəti barədə danışaraq bildirib ki, bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir: «Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü».
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan ordusunda xidmət edən şəxsi heyət də bu reallığı görürdü. Onlar görürdülər ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz: “Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək”.
“Oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi”
Azərbaycan Prezidenti həmin məqamlarda Ermənistan ordusu, şəxsi heyəti dərin mənəvi-psixoloji sarsıntı içində idi: “Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olub”.“Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi”, - deyə Azərbaycan Prezidenti qeyd edib. Bundan sonrakı dövrdə Azərbaycan Ordusunun şanlı Zəfər yürüşünün davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Düzdür, bəzi yerlərdə Ermənistan tərəfi dirəniş göstərirdi, müqavimət göstərirdi, bəzi yerlərdə bizə çətinliklər yaradırdı. Amma bu, müharibədir. Özü də otuz il ərzində böyük istehkamlar qurmuş tərəf, - bu dağlara baxın, bunlar hamısı təbii istehkamlardır, - əlbəttə ki, onların özlərini müdafiə etmək üçün imkanları var idi. Ancaq artıq bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari artıq hər şeyi göstərir”.
Azadlığa qovuşan Suqovuşanın yeni, azad, işıqlı günləri
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”. Bəli, bu gün Qarabağımızın digər guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanıldı.
“Müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür”
Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman görülən işlərdən danışarkən bildirib ki, müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür, artıq su mənbələrinin bütün xəritələri tərtib edilib: «Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir". Dövlət başçısı onu da bildirib ki, bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi: «İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik".
“Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi”
“Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir”, - deyən dövlət başçısı bildirib ki, bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir: “Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”. "Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir», - deyən Azərbaycan Prezidenti bildirib ki, onlar yenidən quruldu, yenidən tikildi: «Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir”.
“Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub. Dövlət başçısı deyib: “Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar”.
Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan Prezident İlham Əliyev deyib: «Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq. Bu binalar isə onların hərbi hissəsi olub”.
"Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir"
"Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam", - deyən Azərbaycan Prezidenti oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldan zaman deyib: «Bir il bundan əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı kifayət qədər ensizdir, kifayət qədər məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır».
Bəli, Ermənilərin bütün bu vandal, barbar əməlləri dövlətimizin gücü ilə aradan qaldırılacaq, dağıdılan maddi-mədəni irsimiz yenidən bərpa olunacaq. Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi yer tutur. Dövlətimizin başçısının vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaraları sağaldılacaq, bu ərazilər cənnət məkana çevriləcək.






Son Xəbər