XƏBƏR, SİYASƏT
15-10-2021, 14:27

Prezident: "Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir"

Prezident: "Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir"

Prezident İlham Əliyev: "Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək".
Tarixi ədaləti bərpası, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Hətta ən inkişaf etmiş dövlətlərin belə koronavirus pandemiyasının təsirlərindən ciddi problemlər yaşadığı bir vaxtda Azərbaycan nəinki dünyanın hərbi ekspertlərini təəccübləndirən 21-ci əsrin müharibəsini apardı, eyni zamanda postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi. Tarixi Zəfərimizdən keçən bir il ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur, yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. İnşasına bu ilin əvvəllərində başlanılmış ən müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Aeroportunun tikintisi qısa müddət ərzində həyata keçirilərək yekunlaşmaq ərəfəsindədir və aeroport artıq ilk təyyarələri qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir. Dövlət başçımızın oktyabrın 4-də - Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin bir ilinin tamam olduğu gündə bu rayona növbəti səfəri, burada ictimaiyyətin nümayəndələri ilə görüşü də bir sıra mühüm məqamlarla yadda qaldı.
Cənab Prezident görüşdə ötən bir il ərzində görülmüş işlərin Azərbaycanın gücünü və potensialını nümayiş etdirdiyini bildirdi: “Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.”
İcra olunan layihələrdən, bərpa-quruculuq işlərindən söhbət açan dövlətimizin başçısı bildirdi ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər: “Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.”
Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsinin önəmli hadisələrdən olduğunu bildirən Azərbaycan Prezidenti rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işlərinin görüldüyünü qeyd etdi. Bununla yanaşı, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları işə başlayıb. Bütün bu işlərin qısa vaxtda reallaşması bir daha ölkəmizin iqtisadi qüdrətinin sübutudur.
Dövlətimizin başçısı oktyabrın 4-də imzaladığı Fərmanla yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə olduğunu bildirdi: “Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.”
Cənab Prezidentin Cəbrayıl rayonuna növbəti səfəri şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş, erməni vandalizmi nəticəsində yerlə-yeksan edilmiş tarixi torpaqlarımızda yeni həyatın başlamasının, böyük qayıdışın çox da uzaq olmadığını göstərir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən qurmaqla, cənnətə çevirməklə dünyanı bir daha heyrətləndirəcək.






Son Xəbər