XƏBƏR, SİYASƏT
15-10-2021, 14:13

"Zəfərimizin birinci ildönümündə Prezident İlham Əliyevin Cəbrayıla səfəri tarixi hadisədir"

"Zəfərimizin birinci ildönümündə Prezident İlham Əliyevin Cəbrayıla səfəri tarixi hadisədir"

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyətinin nümayəndələri Cəbrayılın azad olunmasının ildönümü günündə keçirilən bu görüşdən zəngin təəssüratlarla ayrılıblar.
2020-ci il Azərbaycan xalqının, dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Azərbaycan 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu il xalqımız Zəfərimizin ildönümünü təntənə ilə qeyd edir.
Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlayıb və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl ilə bağlıdır. Oktyabrın 4-də rayonumuzun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevin Cəbrayıla səfəri tarixi hadisədir. Dövlətimizin başçısı ilə görüşdə iştirak etmək böyük şərəfdir. Prezident İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü çox səmimi keçdi. Dövlətimizin başçısının səmimiliyi, təvazökarlığı hər kəsin öz ürəyindən keçənləri dilə gətirməsinə imkan verirdi. Cəbrayıllılar bu görüşdən çox gözəl təəssüratlarla ayrıldılar.
Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatını hamımız diqqətlə izləyirdik. Hamı bir nəfər kimi ordumuzun döyüş meydanında irəliləməsini səbirsizliklə gözləyirdi. Müharibənin birinci həftəsində, yəni oktyabrın 4-də Cəbrayıl şəhəri, rayon mərkəzi və bir neçə kənd azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi və bu uğur ordumuza, əsgərlərimizə əlavə güc verdi, inam verdi.
Öz yurdundan, elindən, obandan qaçqın və didərgin düşmək çox kədərlidir. Həmin hissləri, ancaq onu yaşayanlar bilərlər. Ermənilərin necə vəhşi, barbar millət olduğunu artıq hamı bilir. Onlar nəinki torpaqları işğal edir, mülki əhalini amansızcasına qətlə yetirirdilər, həm də ekoloji terror törədirdilər. Erməni barbarları hər şeyi dağıtdılar. Bir vaxtlar uşaqlıq və gənclik illərini keçirdiyi yerlərin xarabazara çevrildiyini görəndə çox mütəəssir olursan, həyəcanlanmamaq mümkün deyil.
Rayonun girəcəyində - Mirzəcanlı və Qaracallı məhəlləsi deyilən yerdə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş “Qartal” abidəsi var idi. Ora rayonda insanların ən sıx məskunlaşdığı bir məhəllə idi. Həmin məhəllə tamamilə dağıdılıb.
Mən Şükürbəyli kəndində anadan olmuşam, amma rayon mərkəzində də evimiz var idi. Hər dəfə Cəbrayıla səfər edəndə keçmişlə bağlı xatirələr yada düşür, adamın xəyalı dolanır. Təsəvvür edin, nə qədər cəhd etsəm də, nə kənddəki, nə də rayondakı evimizin yerini tapa bilmədim. Yaşayış məskənlərini elə dağıdıblar ki, heç bir nişanə tapmaq mümkün deyil. Cəbrayılın ümumilikdə 97 yaşayış məntəqəsi yerlə-yeksan edilib.
Mən orta məktəbi 5-ci sinfə qədər Şükürbəyli kənd orta məktəbində oxumuşam. Sonra təhsilimi rayon mərkəzindəki akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində davam etdirmişəm. Oxuduğum orta məktəbin yerini nə qədər axtardımsa, tapa bilmədim. Şükürlər olsun ki, oktyabrın 4-də həmin məktəbin də bünövrəsi qoyuldu. Bu, bizi çox sevindirdi. Xəstəxana, məktəb, yaşayış evlərinin təməlinin qoyulması çox gözəldir.
Zəfərdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq və bərpa işləri başlanılıb. Əminik ki, insanlarımız tezliklə öz evlərinə qayıda biləcəklər. Bu ərazilərdə insanların yaşayışı və işləməsi üçün bütün mümkün şərait yaradılacaq.
Milli-mənəvi dəyərlərə önəm verilməsi, adət-ənənələrimizə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu sahə hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olub. Cocuq Mərcanlı kiçik bir kənddir, amma orada Şuşada olan Yuxarı Gövhər ağa məscidinin bənzəri olan məscid inşa edildi. Bir çox müsəlman ölkələrində olmuşam və bu cür müasir üslub və dizaynda məscid çox azdır. Dövlətimizin başçısı Cocuq Mərcanlıda inşa edilən məscidin açılışında qeyd etdi ki, vaxt gələcək biz Şuşadakı məscidlərimizi bərpa edəcəyik. Şuşada Qazançı kilsəsi də daxil olmaqla, bütün dini və tarixi abidələr bərpa olunur. Plana əsasən, Cəbrayılda da məscidin inşası nəzərdə tutulur. Qeyd edim ki, ətraf kəndlərdə məscidlər olsa da, Cəbrayıl şəhərində məscid olmayıb.
Dağıntıların və görüləcək işlərin miqyası çox böyükdür. Görünən işlərin nəticəsi onu deməyə imkan verir ki, quruculuq işləri çox sürətlə aparılır və tezliklə azad edilmiş ərazilərimizdə həyat öz axarına düşəcək.
Biz 30 il səbir etdik, dözdük, bir az da dözək. İnşallah, tezliklə abad Cəbrayılımıza qayıdacağıq.






Son Xəbər