XƏBƏR, MƏDƏNİYYƏT
7-10-2021, 17:31

“Zəfərə doğru gedən yol” layihəsində şəhid Nurlan Ağakişiyevin şərəfli ömür yolundan bəhs olunub

“Zəfərə doğru gedən yol” layihəsində şəhid Nurlan Ağakişiyevin şərəfli ömür yolundan bəhs olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsinin birinci ildönümü ilə bağlı “Zəfərə doğru gedən yol” layihəsində şəhid Nurlan Ağakişiyev haqqında videoçarx hazırlanıb.

İdarədən Qərbinfo.az-a bildirilib ki, şəhidinin keçdiyi şərəfli ömür yolundan bəhs olunan videoçarx kitabxananın sosial hesablarında təqdim edilib.

Videoçarxda qeyd edilir ki, Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb.

Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.






Son Xəbər