XƏBƏR, İDMAN
5-10-2021, 10:30

Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar

Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar

İtaliyanın Pesaro şəhərində akrobatika gimnastikası üzə Avropa çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 4-də Vətənə qayıdıblar.

Qərbinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Gimnastika Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, gimnastların yaxınları və jurnalistlər iştirak ediblər.

Çempionatda ölkəmizi böyüklər arasında qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.

Akrobatlarımız yarışın elə ilk günündən medal qazanıblar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27,400 xal alaraq bürünc medala sahib olublar.

A.Rəhimov və R.Seyidli isə komandamızın aktivinə həm gümüş, həm də bürünc medal yazdırıblar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86,470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yarışın sonuncu günündə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun “Vitrifriqo Arena”sında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail olublar.

M.Rəfiyev və D.Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək beşinci olublar.

Yarışa ciddi hazırlaşdıqlarını deyən Avropa çempionatının mükafatçısı Ağasif Rəhimov bildirib ki, nəticəmiz qənaətbəxş oldu. Ancaq bundan da yaxşı çıxış edə bilərdik. Ümid edirəm ki, növbəti yarışda qızıl medal qazanacağıq. Rəqiblərimiz çox güclü idi. Rəqiblərimiz ilə xallar arasındakı fərq çox az idi. Final mərhələsində mübarizə çox gərgin oldu. Mükafatçılar sırasında yer aldığımız üçün çox sevincliyəm.

Yaradılan şəraitə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Raziyə Seyidli İtaliyada üçrəngli bayrağımızı dalğalandırdıqları üçün çox xoşbəxt olduğunu qeyd edib.

Mənsumə Məmmədzadə və Nəzrin Fərmanova da sevinclərini jurnalistlərlə bölüşüblər. Bildiriblər ki, medal qazanmaq üçün çox çalışmışdıq. İstərdik ki, qızıl medala sahib olaq. Ancaq alınmadı. Avropa çempionatını bürünc medalla başa vurduq. Qazandığımız bu medal bizim üçün çox önəmlidir.






Son Xəbər