XƏBƏR, MANŞET-SLAYDER, HADİSƏ
2-10-2021, 12:07

Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”

Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”

“Biz əbədi həyatı seçmişik”

Müəllif: Tural Əliyev

1999-cu ilin aprel ayının 30-da Qədimov Fikrət Elimxan oğlunun ailəsində bir oğlan dünyaya gəldi. Adını Ayxan qoydular! Gəlişi ilə Qədimovlar ailəsinə sevinc gətirən Ayxan gələcəkdə öz adını Azərbaycan xalqının zəfər tarixinə yazdıracaq, ailəsinin, qohumlarının, dostlarının, xalqının qürur mənbəyi olacaq - şəhidlik zirvəzinə ucalacaqdı!

Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə oxuyan Ayxanın məktəb həyatı olduqca maraqlı keçib. O, bu məktəbdə təhsil alıb, həyati dəyərlərə yiyələnib, vətəni, xalqını sevməyi öyrənib. Sinif yoldaşları qeyd edirlər ki, Ayxan hələ uşaq vaxtlarından bayraq çəkməyə maraqlı olub. Çəkdiyi bütün şəkillərdə mütləq bayraq təsviri olardı.

Ailəsi də onun əsl vətəndaş kimi yetişməsində böyük rol oynayıb. Anası Arifə Qədimova qeyd edir ki, atası və mən həmişə Ayxana böyük adam kimi yanaşmışıq. Fikirlərini dinləmişik, dəyərləndirmişik, hörmətlə yanaşmışıq. Demək ki, onun müstəqil qərar vermək bacarığı buradan qaynaqlanıb.

Ayxan haqqında yazarkən onun barəsində doğmalarının dilindən eşitdiyim sözlərin hərarətini hiss edirdim. Həyacanla, bəzi hallarda qəhərdən boğula-boğula eşitdiyim sözlər sanki əl-qolumu bağlayırdı. Bəzən, o həyacan məni də bürüyürdü. Eşitdiklərimi qeyd etməyi unudurdum. Özümü toparlayıb yazmağa davam edirdim.

Ən təsirləndiyim an isə bu oldu. Anasının Ayxan haqqında danışarkən toxunduğu bir məqam…! Ermənistanın Tovuz istiqamətində işğalçılıq niyyəti ilə törətdiyi təxribatlar zamanı Ayxan çox narahatçılıq keçirir. Anası onun keçirdiyi hissləri belə təsvir edir: "Hiss edirdim ki, o çox narahatdır. Özünə yer tapa bilmirdi. Süfrə başında belə zarafatından qalmayan biri, sanki özünə qapanmışdı. Bununla belə, soruşanda gizlədərdi. Hər şey yaxşıdır,- deyib söhbətdən yayınardı. Bir gün onun narahatçılığının səbəbini belə anladım. Məndən çay istədi. Hiss edirdim ki, nəsə demək istəyir. Çayı süzdüm və qarşısında oturdum. Qısa bir sükutdan sonra mənə dedi: -"Ana cəbhəyə könüllü yazılsam, desəm ki, yazılmışam, narahat olmazsan ki?" Bir anlıq donub qaldım. Nə deyəcəyimi bilmədim. O, bunu hiss edərək tez sözünü dəyişdi, zarafat edirəm dedi." Sən demə, Ayxan o gün Ali Baş Komandan cənab İlham Əliyevin vətənin müdafiəsi naminə gənclərə çağırışından sonra, könüllü olaraq cəbhəyə getmək üçün müraciət edibmiş. Sadəcə olaraq, valideynləri narahat olmasın deyə, bunu onlardan gizlədibmiş.

Ayxan həmişə valideynləri ilə nəfəs alıb. Onlara layiq övlad olmağa çalışıb. Bu səbəbdən onlar narahat olmasın deyə, cəbhədə olarkən belə tez-tez dostu ilə əlaqə saxlayır, ondan valideynlərinə baş çəkməsini xahiş edirmiş. Biləndə ki, ailəsi narahatdır, zəng edib atası, anası və bacısı ilə danışır, zarafatlar edir, onların könüllərinə su səpirmiş.

Ayxanın keçdiyi döyüş yolu və əsgər həyatı da olduqca maraqlı və zəngindir. Döyüş yoldaşları onu qorxmaz, cəsur, zarafatcıl insan kimi xatırlayırlar.
Ayxan son dərəcə pozitiv insan olub. Hətta səngərdə belə bu pozitivliyi qoruyub saxlayıb. Yoldaşları qeyd edirlər ki, Ali Baş Komandanın çıxışlarındakı, fikirlərdən sitatlar gətirən Ayxan səngərin o tayında olan erməni əsgərlərinə, ucadan deyirmiş: - "Hə, nə oldu Paşinyan? Bəs Cabrayıla yol çəkirdin?" Deyilənlərə görə O, bu kəlmələri gün ərzində dəfələrlə səsləndirirmiş.

Ayxan haqqında məlumatları toplayarkən eşitdiklərim məni qürurlandırırdı. Döyüş yoldaşları onun haqqında fəxrlə danışırdılar. Onlar Ayxanın çox cəsarətli döyüşçü olduğunu bildirirdilər. Bu gənc döyüşçünün səngərdə göstərdiyi sücaət digər əsgərlərə - cəbhə yoldaşlarına da bir nümunə imiş, onların döyüş əhval-ruhiyyəsini artırırmış. Fəxr hissi keçirməmək mümkün deyil…

Döyüşlərin birində yoldaşları onun göstərdiyi sücaətdən bəhs edərək qeyd edir: - "Düşmən qəfl hücuma cəhd etmişdi. Müxtəlif növ silahlardan, artileriyadan istifadə edərək azad etdiyimiz ərazidə səngərlərdəki mövqelərimizi atəşə tutmuşdu. Hücum nəticəsində döyüş yoldaşlarımızın biri səngərdən bir az aralıda ağır yaralandı. O, qəlpə yarası almışdı. Biz onu geriyə, səngərə çəkilməsinə səsləsək də. Anladıq ki, hərəkət edə bilmir. Bu zaman Ayxan qışqıraraq “məni qoruyun”- dedi. Bu anidən baş Verdi. Ayxan cəld səngəri keçib yaralı döyüş yoldaşımıza tərəf qaçdı. Düşmənin atəş səslərinin ardı-arası kəsilmirdi. Hava da çox soyuq idi. Ayxan buna baxmayaraq öz paltarını soyundu, maykasını çıxardıb döyüşçü yoldaşımızın yarasını sarıdı. Sonra sürünə-sürünə, çox çətinliklə onu səngərə gətirməyə nail oldu” Yoldaşları onun bu cəsarətinə heyran qaldıqlarını bildirirlər. Onlar qeyd edirlərki, Ayxanın bu qəhrəmanlığı bizim ona olan hörmətimizi daha da artırdı.

Araşdırma zamanı onun belə fədakarlıqlarının çox olduğunun şahidi oldum. Yoldaşlarının dilində o, bir qəhrəmanlıq simvolu idi.

Atası Fikrət Qədimov döyüş yoldaşlarının dilindən övladının qəhrəmanlıqları, onun sərgilədiyi cəsarətləri eşidikcə qürur duyduğunu bildirir. O, oğlu ilə, eyni zamanda bütövlükdə Azərbaycan Əsgəri ilə fəxr etdiyini qeyd edir. Atanın övladı ilə qürur duyması, övladının vətən uğrunda canından keçdiyini, lazım gələrsə mən də döyüşlərə qatılaram deməsi də Azərbaycan xalqının mənəvi dünyasının göstəricisidir. Fikrət atanın son sözləri belə oldu: - “Mən təsəllimi sağ-salamat, qələbə ilə evlərinə qaydın əsgərlərimizin sədalarını eşitməkdə tapıram. Çünki, onların hər biri, bir Ayxandır.”

Ayxan Xocavənd, Kəlbəcər, Xankəndi istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. İştirak etdiyi hər bir döyüş onun qəhrəmanlıq, şücaət dolu həyat hekayəsinə çevrilib. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşür. Bir müddət sonra, noyabrın 29-da Ayxanın şəhid olduğu elan edilir. Noyabrın 30-da doğulduğu Şəmkir şəhərinə gətirilərək torpağa dəfn edilir.

Ayxan Vətən müharibəsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölümündən sonra "Vətən uğurunda", “Füzuli” və “Şuşa” uğurunda medalları ilə təltif olunub.

Ayxanın keçdiyi şərəfli həyat yolunun əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfində Şəmkir şəhərinin küçələrinin birinə adı verilir, onun barəsində sənədli film çəkilir və jurnal dərc edilir.
Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”
Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”
Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”
Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”
Şəhid Ayxan Qədimov: “Biz əbədi həyatı seçmişik”






Son Xəbər