XƏBƏR, SOSİAL
23-09-2021, 13:41

Vətən müharibəsinin qəhrəmanları - ŞƏMKİR

Vətən müharibəsinin qəhrəmanları - ŞƏMKİR

Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclər torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadılar.

Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu.

44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar.

Hələ Aprel Zəfərində Şəmkirin qəhrəman oğulları polkovnik Vüqar Yusifov, Kiçik Çavuş Təbriz Əsgərov, əsgər Vüsal Alıyev, Altun Dəmirli, Nurlan Qasımov canları, qanları ilə tarixi ədalətin bərpa olunması üçün savaşdılar və şəhidlik zirvəsinə ucaldılar.

Onların və onlarla çiyin-çiyinə şəhid olan qəhrəman balalarımızın qanı 4 ildən sonra alındı, həm də cəmi 44 günə.

Şəmkirin vətənpərvər gəncləri də vətəndaş olmaqdan öncə vətənin daşı olmağın necə bir hiss olduğunu dünyaya göstərdilər.

Hələ səfərbərlik belə elan olunmamışdı. Şəhərimizin Səməd Vurğun küçəsində olan izdiham bir anlıq diqqətimi çəkdi. Pandemiya şəraitində bu qədər insanın bir yerə toplaşmağı sözün açığı məni bir az narahat etdi. Amma onların vətən sevgisinə, yurd sevgisinə heç nə mane olmamışdı.

Öyrəndim ki, minləri, on minləri oraya toplayan Qarabağ sevgisi, vətən eşqidir. Talışı, Murovu, Suqovuşanı, Cəbrayılı, Füzulini, Daşaltını aşıb, Şuşaya, Azad Qarabağ Şanlı Bayrağımız sancmağa gedirlər.

Həmin an çox qürurlandım, bu millətin, bu gəncliyin bir parçası olub bu tarixi yaşadığım üçün fəxr etdim. Onları yola salan valideyinlərdən isə ancaq bu söz eşidilirdi: “yolun açıq olsun, əsgər”, “Qarabağsız, Şuşasız dönməyin”.

Bəli, onlar getdilər və bütün anaların, ataların, o böynu bükük tarixi yaşayan insanların arzularını gerçək edib döndülər. Onlar Qarabağımızı azad etdilər!

İlk dəfə şəhidimə Zəfər şəhidi adını qazandırdılar, ilk dəfə qazim qələbəsi ilə qürurlandı, ilk dəfə əsgər qardaşım qalib kimi döndü doğma Şəmkirinə.
44 günlük Vətən müharibəsi bizə tək Qarabağımızı geri qaytarmadı.

Bu müharibə göstərdi ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, onlarda olan düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi.

Vətən müharibəsidə həm də gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bir yumruq kimi birləşdi.

Vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, arxa cəbhədə də özünün birlik və bərabərliyini düşmənə sübut etdi.

Artıq Şəmkirin necə mərd oğul və qızlarının olduğunu hər kəs bilməlidir. İgid oğullarımızın göstərdiyi şücaət təbliğ olunmalıdır. Yetişməkdə olan Azərbaycan gənci onun necə qəhrəman oğul və qızlarının olduğunu bilməlidiri. O zaman həmin qəhrəmanlar aramızda olmasalar da, onların ruhları daima şad olar və bundan qazanan yalnız gənclər olar. Bu gün hər kəs bunu görür və sevinir. Sevinirlər ki, vətənpərvər gənclər var, ürəyi vətən eşqilə döyünən gənclər yetişir.

Sonda onu da qeyd edim ki, hər bir şəhidimizin, qazimizin evi bizim üçün qibləgahdır. Əslində biz bu gün hamımız torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərə borcluyuq. Onların ailləri isə ən böyük ehtirama, hörmətə layiqdir. Vəzifəsindən asılı olmayaraq, hər kəs bilməlidir ki, oğlunu, ərini şəhid verən ailə hər kəsin diqqət mərkəzində olmalıdır.

ÜLKƏR ƏLİYEVA
Şəmkir RİH Başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi. Qərbinfo.az

Vətən müharibəsinin qəhrəmanları - ŞƏMKİR
Vətən müharibəsinin qəhrəmanları - ŞƏMKİR
Vətən müharibəsinin qəhrəmanları - ŞƏMKİR






Son Xəbər