XƏBƏR, SİYASƏT
8-09-2021, 15:42

Azərbaycan və Estoniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Azərbaycan və Estoniya arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Estoniya parlamentinin – Riiqikoqun sədri Yuri Ratas ilə görüşüb.

Parlamentdən Qərbinfo.az-a verilən məlumata görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud durumu barədə danışıb. O, Azərbaycan və Estoniyanın öz müstəqilliklərini elan etdikdən sonra bir çox sahələr üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirib. Spiker ötən illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu diqqətə çatdırıb.

S.Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə və Riiqikoqda parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. O bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.

Milli Məclisin sədri görüşdə estoniyalı həmkarına 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə də məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirdiyini bildirib. Spiker Azərbaycanın bölgədə uzunmüddətli sülhü, sabitliyi və təhlükəsizliyi bərpa etməkdə qərarlı olduğunu vurğulayıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın bütün sülhsevər addımlarına baxmayaraq, Ermənistan hələ də təxribatlarını davam etdirir və sülhə, sabitliyə əngəl törədir.

Görüşdə Estoniya parlamentinin – Riiqikoqun sədri Yuri Ratas dostluq və qarşılıqlı marağa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın qurulmasından danışıb. O, parlamentlərarası əlaqələrin yeni müstəvidə daha da inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.

Görüşdə spikerlər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.






Son Xəbər