XƏBƏR, SİYASƏT
31-08-2021, 10:39

Ədalət bərpa edildi: Şuşa çox sürətlə dirçəlir

Ədalət bərpa edildi: Şuşa çox sürətlə dirçəlir

Qərbinfo.az xəbər verir ki, Müzəffər Ordumuz cəmi 44 günə düşməni öz doğma diyarımızdan qovdu, şəhərlərimiz, tarixi Şuşamız azad olundu. Bu gün isə Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır. Azərbaycan xalqı bu gün bu azadlığın xoşbəxtliyini yaşayır.

Buna avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti tarixi səfəri zamanı da şahidlik etdik. Bütün Azərbaycan xalqı Vaqif Poeziya Günlərinin Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunmasının qürurunu yaşadı. Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak edən dövlətimizin başçısı açılış mərasimində çıxışı ilə Şuşaya, onun azadlığına verilən xüsusi önəmi bir daha vurğulamış oldu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsini bizim şanlı tariximiz adlandırdı və bildirdi ki, bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.

Dövlət başçısı yanvar ayında Şuşaya ilk səfəri çərçivəsində bütün lazımi göstərişlər vermişdi və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu artıq görə bilirlər.

"Ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü"- deyə, Prezident İlham Əliyev Şuşada aparılan tikinti-quruculuq işlərinin çox böyük sürətlə aparıldığını vurğuladı.

Belə ki, Şuşaya ilk növbədə yol çəkildi - Zəfər yolu.Hazırda magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, bu şəhərə qədər olan məsafəni daha da qısaldacaq. Həmçinin, Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yüksəkgərginlikli xətlər Füzulidən gətirildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa edildi. İndi iki mənbədən Şuşaya su gəlir. Eləcə də Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bundan başqa, Şuşada Natəvan bulağı bərpa edildi, indi su gəlir. Baxmayaraq ki, ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Eyni zamanda, "Xarıbülbül" oteli istifadəyə verildi və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi. Ermənilər tərəfindən gülləboran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Həmçinin, Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı verilən göstəriş icra edildi, Bülbülün evinin açılışı qeyd edildi. Polad öz atasının evini bərpa etdi, indi orada çox gözəl muzey yaradılıb. Bundan başqa, "Qarabağ" hoteli əsaslı təmirdən sonra yenidən qonaqların üzünə öz qapılarını açdı. Yeni otel beşulduzlu olacaq.
Ən önəmli tədbirlərdən biri də dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın Baş Planı əsasında inşa ediləcək. Artıq Şuşanın Baş Planı da təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, orada üç, dörd və beşmərtəbəli yaşayış binalarının tikiləcəyi nəzərdə tutulur.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi prosesi çox sürətlə gedir və tezliklə şuşalılar Şuşaya qayıda biləcəklər.

Dövlətimizin başçısı Şuşadan dünyaya bir sıra mühüm mesajlar da verdi. Bildirdi ki, işğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur: "Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq. Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik".

Şuşadan verilən daha bir müjdə isə gələn il Şuşanın 270-ci ildönümününün təntənəli şəkildə qeyd ediləcəyi ilə bağlı oldu. 270 illik tarixi olan bu şəhər ermənilərin hər cür vandallığına rəğmən əyilmədi, sınmadı və öz milliliyini qoruyub saxlaya bildi. Ermənilər çox çalışdılar, amma Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər. Şuşa tarixən olduğu kimi, bundan sonra da əbədi olaraq Azərbaycandan ayrılmayacaq.






Son Xəbər