XƏBƏR, SİYASƏT
26-08-2021, 11:02

Milyonların qəlbinə işıq saçan mərhəmət və xeyirxahlıq

Milyonların qəlbinə işıq saçan mərhəmət və xeyirxahlıq


Qərbinfo.az xəbər verir ki, Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir.

Mehriban Əliyeva işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Məhz bu yüksək dəyərlər Mehriban xanımı əksəriyytin nümunəvi insan idealına çevirib. Ali dəyərləri özündə birləşdirən şəxsiyyət kimi Mehriban xanım hazırda cəmiyyətin tərəqqisində göstərdiyi səyləri ilə də intellektual qadının çağdaş nümunəsini canlandırır.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Əminliklə söyləyə bilərik ki, Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin inklüziv inkişafını təmin etmiş, öz dərin biliyinə əsaslanaraq mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində misilsiz irəliləyişə müvəffəq olmuşdur.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər və layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual istiqamətləri də əhatə edir.

Azərbaycan xalqına məxsus milli mədəniyyət və incəsənət nümunələrinin qorunması, bərpası, dünyada tanıdılması da Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mehriban xanım Əliyeva cəmiyyətimizə xas olan multikultural dəyərləri və tolerant mühiti bütün dünyada layiqincə təbliğ edir.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar fəaliyyəti heyranlıq doğurur. İnsanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı ən vacib missiya kimi həyata keçirilməkdədir.

Xüsusi qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşan Mehriban xanım Əliyeva cəmiyyətin bu həssas təbəqəsinin təhlükəsiz və sağlam həyatının təmin olunmasında yorulmaz fəaliyyət göstərir, onların sosial inteqrasiyası və keyfiyyətli yaşamı üçün bütün lazımı addımları atır.

Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.

2020-ci il bütün dünyada ağır və məsuliyyətli bir dövr oldu. COVİD-19 pandemiyası həm sosial, həm də iqtisadi problemlərlə ölkələri qayğılandırdı. Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa, xəstəliyin miqyasını kiçiltməyə imkan verdi. Ağır dönəmdə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində pandemiya səbəbindən yaranan böhranın dərinləşməməsi və fəsadlarının qarşısının alınması üçün idarəetmədə güc birliyi təmin olundu. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib” - deyə, xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Mehriban xanımın çevik qərarları ilə Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilir.

2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı – Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı.

Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.

Ölkəmizin həyatında yeni dövr başlayır - işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Xalqımız səbirsizliklə Böyük Qayıdışı gözləyir. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.






Son Xəbər