XƏBƏR, SİYASƏT
19-08-2021, 10:46

Göyçə mahalı və Zəngəzurda yaşamaq vətəndaşlarımızın tam hüququdur - ŞƏRH

Göyçə mahalı və Zəngəzurda yaşamaq vətəndaşlarımızın tam hüququdur - ŞƏRH

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra önəmli siyasi mesajlar verdi.

Bunu Qərbinfo.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, cənab Prezidentin Şərqi Zəngəzura səfəri zamanı son dövrlər Azərbaycan-Ermənistan sərhədində Ermənistanın törətdiyi təxribatlar və yaşanan gərginliklə bağlı Ermənistana və onun havadarlarına da sərt ismarıclar ötürüldü:

"Təəssüflər olsun ki, 2020-ci ilin 10 noyabr tarixində və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanatların Ermənistan tərəfindən icra olunmamasının, şərtlərinin yerinə yetirilməməsinin, pozuculuq fəaliyyətin davam etməsinin şahidi oluruq. Azərbaycanın ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi zonada qeyri-qanuni fəaliyyət müşahidə olunur, nəinki Ermənistanın qüvvələri bölgədən çıxarılmır, üstəlik yeni qrupların daşınması halları həyata keçirilir. Bütün bu qanunsuz hallara son qoyulmalı və 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implementasiyası həyata keçirilməlidir. İndiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə bərkitmək, eyni zamanda işğaldan azad edilmiş torpaqlarda mövqelərimizi möhkəmləndirməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir".

Politoloq bildirib ki, digər tərəfdən cənab Prezidentin 7 iyul tarixində imzaladığı fərmanı tarixi, siyasi, iqtisadi və hüquqi xarakter daşıyır.

"Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda vətəndaşlarımızın yaşaması tarixi ədalətə söykənməklə yanaşı, həm də vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar".

İlyas Hüseynov həmçinin qeyd edib ki, digər önəmli məsələ tarixi toponimlərlə bağlıdır və bunlar bərpa edilməlidir:

"Hazırda Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Basarkeçərdə yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalıblar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona "Vardenis" adı qoyub. Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlanmalı və ümumiyyətlə, bizim ümumi leksikonumuzda "Vardenis" yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan gərginliyi ilə bağlı mediada tarixi yer adlarına da diqqət yetirilməlidir. Hazırda Ermənistanın "Yerasx" kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir".






Son Xəbər