XƏBƏR, İQTİSADİYYAT
12-08-2021, 11:26

Bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artım templəri beynəlxalq təşkilatların proqnozlarını üstələyib

Bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artım templəri beynəlxalq təşkilatların proqnozlarını üstələyib


2021-ci ilin birinci yarısında Azərbaycanda iqtisadi artım templəri beynəlxalq təşkilatların proqnozlarını üstələyib.

Bunu Qərbinfo.az-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət büdcəsinin əsas prioritetləri işğaldan azad edilmiş ərazilərin bərpası, ordunun inkişafı, iqtisadiyyatın artımı və əhalinin sosial rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə iştirakçılarının ehtiyaclarının təmin olunmasıdır. 2021-ci ilin birinci yarısında Azərbaycan dövlət büdcəsinin sosial xərcləri faktiki xərclərin 44,1 faizini təşkil edib və 5,111 milyard manatdan çox olub:

"Cari xərclər ötənilki göstəriciləri 2,6 faiz və ya 127,3 milyon manat üstələyib. Azərbaycanda son üç il ərzində sosial ödənişlər 60 faizdən çox artıb. Bu müddət ərzində Azərbaycanda minimum pensiya 82 faiz, orta pensiya 60 faiz, orta müavinət 100 faiz, ünvanlı sosial yardımın həcmi 72 faiz artıb. Ölkədə yaşayış minimumu 196 manat olduğu halda orta pensiya 360 manat, minimum əməkhaqqı isə 250 manat təşkil edir".

O qeyd edib ki, 2021-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun artım templəri Beynəlxalq Valyuta Fondunun proqnozlarını üstələyib:

"Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 faizə çatıb. Artım qeyri-neft-qaz sənayesində 16,6 faiz, bitkiçilikdə 8,9 faiz, heyvandarlıqda 2,4 faiz, informasiya və rabitə xidmətlərində 5,5 faiz və pərakəndə ticarət dövriyyəsində 1,7 faiz olub. Bu il dünyada sənaye artımı 3,5 faiz proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 faiz artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz və ya 1,1 milyard dollar artaraq 8,8 milyard dollara çatıb".

Mərkəzin direktoru vurğulayıb ki, Azərbaycanın xarici ticarət dövriyyəsində 3,4 milyard dollar həcmində müsbət saldo yaranıb:

"2021-ci ilin birinci yarısında dövlət büdcəsində proqnozlaşdırılandan 4,7 dəfə çox vəsait daxil olub. Qeyd olunan dövrdə Azərbaycanın qeyri-neft ixracı 1,162 milyard dollardan çox olub. Bu göstərici 2020-ci ilin ilk altı ayı ilə müqayisədə 27 faiz və ya 248 milyon dollar artıb".

V.Qasımlı bildirib ki, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir:

“İlin əvvəlindən kredit qoyuluşları 3,3 faiz, depozitlər 7,7 faiz, əhalinin əmanətləri 5,3 faiz və bankların xalis xarici aktivləri 10,3 faiz artıb. Bu il pul siyasәtinin əsas istiqamətləri manatın və qiymәtlərin sabitliyi, monetar siyasәtin effektivliyi, maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi və requlyativ güzәştlәrdәn istifadә etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir”.

O əlavə edib ki, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib:

"Bu il Azərbaycan “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. BVF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticələrinə əsasən, Azərbaycan 2019-cu il ilə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86,02 faiz göstərici ilə birinci yerdə qərarlaşıb".






Son Xəbər