XƏBƏR, İQTİSADİYYAT
10-08-2021, 12:20

Azərbaycanda bu tarixdə helikopter servis mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda bu tarixdə helikopter servis mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda Rusiyanın helikopter servis mərkəzi tam gücü ilə 2023-cü ildə işə başlayacaq.

Bunu Qərbinfo.az-a Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, iki ölkə arasında reallaşdırılan beş yol xəritəsi çərçivəsində Azərbaycanda "Mi" tipli helikopterlərin təmiri və texniki xidməti üzrə servis mərkəzinin tikintisi fəal mərhələdədir: "2020-ci ilin sonunda Rusiyadan bu servis mərkəzi üçün avadanlıq müəyyənləşdirilib və sifariş edilib. Yaxın iki il ərzində bu mərkəz tam gücü ilə işə başlayacaq".

Nazirlikdən bildiriblər ki, tikinti Azərbaycanın sürətlə inkişaf edən sektorlarından biridir və əsas investisiyalar məhz bu sahəyə yönəldilir:

"Bu istiqamətdə iri layihələrin reallaşdırılması davam edir. Böyük aqroparkların, sənaye və texnologiya parklarının yaradılması planlaşdırılır".

Nazirliyin məlumatlarına görə, Hacıqabul sənaye məhəlləsində Rusiya tikinti və istilik-izolyasiya materiallarının istehsalı üzrə zavodun tikintisini planlaşdırır:

"Sənaye məhəlləsində artıq Rusiyanın "Qaz" qrupu və Azərbaycanın "Azərmaş" şirkətinin kommersiya və xüsusi təyinatlı avtomobillərinin istehsalı üzrə birgə zavodu fəaliyyət göstərir. İldə min maşın istehsal gücü ilə yüngül kommersiya avtomobillərinin yığılması başlayıb. Bundan başqa, stilik-izolyasiya materiallarının istehsalı zavodunun tikintisi planlaşdırılır. Bu da Azərbaycan üçün vacib layihədir, çünki zavodun məhsulları qonşu ölkələrə ixrac olunacaq".






Son Xəbər