XƏBƏR
6-08-2021, 16:57

Türkiyəyə yanğınla mübarizə üçün göndərilənlər hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir - Ekspert

Türkiyəyə yanğınla mübarizə üçün göndərilənlər hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir - Ekspert

Bəli, insanlar elə düşünür ki, ora gedən heyət əsgərlərdən ibarətdir. Bu fikrin yaranmasına səbəb də onların formalarıdır. Amma bu, belə deyil. Ora göndərilənlər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır.

Qərbinfo.az-ın məlumatına görə, bu sözləri hərbi ekspert Emin Həsənli bildirib.

O, son günlər sosial şəbəkələrdə yayılan fikirlərə aydınlıq gətirib. Belə ki, yazılanlara görə, Türkiyədə baş verən yanğınları söndürmək üçün ölkəmizdən üz tutan heyət Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, əsgərlərdir. Hərbi ekspert bu barədə verdiyi açıqlamada yayılan fikirlərin yanlış olduğunu bildirib:

“Onlar hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir. Onlar on illərin peşəkarlarıdır. Hər il bir neçə dəfə təlimlər keçiblər və biz bu təlimləri izləmişik. Ölkəmizdə də dəfələrlə yanğınla mübarizə aparıblar. Həm binaların, həm də meşə yanğınlarının qarşısını yüksək səviyyədə alıblar. Bu xidmətin də özünün zabitləri, gizirləri, müddətdən artıq xidmət edənləri var. Qardaş ölkəyə də onların ən peşəkarları seçilərək göndərilib. Onlar bu gün öz vəzifələrini şərəflə yerinə yetirirlər”.

Emin Həsənli onu da qeyd edib ki, bu hadisə iki ölkənin qardaşlığını daha da möhkəmləndirib.

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Orada baş verənlər bizi çox sarsıtdı. Ölkə olaraq hadisəyə ilk reaksiya verən və yanğınların söndürülməsində can-başla iştirak edən biz olduq. Azərbaycan ən yüksək səviyyədə dəstəyini verdi. Ən müasir texnikalarını göndərdi. Qardaş ölkədə baş verən yanğınlarla mübarizədə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti Azərbaycanı ləyaqətlə təmsil etdi. 1991-ci ildən etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bir millət, iki dövlət ideyasına həm Türkiyə, həm də Azərbaycan tərəf sadiq qalıb. Bu gün də bu dostluq, qardaşlıq davam edir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu da qardaş Türkiyə Respublikasına yola düşüb.






Son Xəbər