XƏBƏR
5-08-2021, 16:58

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib


Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.

Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetiriblər.

Təlimin gedişində antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçulara çevik şəkildə tibbi yardım göstərilib və yaralıların təxliyyəsi həyata keçirilib.

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar müxtəlif silah nümunələrini ələ keçirib və təxribatçıların bir neçəsini əsir götürüblər.






Son Xəbər