XƏBƏR, SOSİAL
8-04-2021, 18:25

“Mina məsələsində QHT və diaspor təşkilatları da aktiv olmalıdır”

“Mina məsələsində QHT və diaspor təşkilatları da aktiv olmalıdır”

“İnsan haqları təşkilatları minalanmış xəritələrin gizlədilməsinə görə İrəvanı qınamalıdırlar”.

Qərbinfo.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyib. O qeyd edib ki, müharibə bitəndən sonra Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb.

“Müharibələrdə və eləcə də postmüharibə dövründə dinc sakinlər ən çox minalardan əziyyət çəkirlər. Bunu Əfqanıstanda, Suriya və digər münaqişə ocaqlarında dəfələrlə görmüşük. Amma Qarabağ müharibəsi nadir münaqişələrdən oldu ki, beş aydır sonlanmasına baxmayaraq, hələ də minalanmış ərazilərin xəritələri ortalığa çıxmır, insanlar zaman-zaman bu bəlanın qurbanına çevrilirlər. Yəni əksər müharibələr bitəndən sonra ayrı-ayrı beynəlxalq təşkilatlar minalanmış ərazilərin tez bir zamanda təmizlənməsi üçün hərəkətə keçir, minaları basdıran tərəf isə artıq marağında olmadığı insan itkilərinin qarşısını almaq üçün təhlükəli torpaqlarla bağlı məlumatları təqdim edir. Təəssüflər olsun ki, erməni tərəfi noyabrdan bu yana 20-yə yaxın insanın ölümünə səbəb olmuş minalanmış ərazilər haqqında məlumatı, xəritələri Azərbaycana təhvil vermir. Bunun özü belə hərbi cinayətlərin davam etdirilməsi anlamına gəlir”.

Nəsimi Əbilov vurğulayıb ki, erməni hərbi-siyasi rəhbərliyinin bu cür davranışı qeyri-humanist, insanlıq əleyhinə cinayət sayılır:

“Düşünürəm ki, Ermənistana beynəlxalq ictimaiyyət ciddi təpki göstərməli, gələcəkdə yeni insan itkilərinin baş verməsinin, dinc sakinlərin mina partlaması səbəbindən əlil qalmalarının qarşısı alınmalıdır. Adı üstündə olan insan haqları təşkilatları var ki, 44 günlük müharibə zamanı atmadığımız qadağan olunmuş mərmilərə görə haray-həşir salmışdılar, guya dini abidələri, dinc sakinlər yaşayan əraziləri vurmağımızı iddia etmişdilər. İndi ortada belə bir böyük fakt var, insanlıq əleyhinə atılan addımlar var, məğlub tərəf mina xəritəsini təqdim etmir. Amma heç kim bunu qeyri-humanist addım kimi dəyərləndirmir, İrəvana təzyiq göstərmir”.

Müsahibimiz onu da deyib ki, mina xəritələri ilə bağlı kampaniyaların aparılmasında yalnız aidiyyəti dövlət qurumları deyil, vətəndaş institutu, QHT və diaspor təşkilatları da aktivlik göstərməlidir:

“Mən özüm müəyyən vasitələrlə, əlaqə və imkanlarımdan istifadə edərək İsrail, ABŞ və digər ölkələrdəki dostlarımıza, həmkarlarımıza ən azından məlumat xarakterli informasiyalar çatdıracağam. Onların yerli mediada bu istiqamətdə edəcəyi çağırışları qarşı tərəfin bəlkə də ciddi qınaq obyektinə çevrilməsinə şərait yarada bilər”.






Son Xəbər