XƏBƏR, SİYASƏT
5-04-2021, 12:20

Erməni vandalizmi

Erməni vandalizmi

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər...

Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.
Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

O cümlədən Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminə məruz qalıb.

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonda 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox (2625 ədəd) tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir. Eyni vandallıq əməllərini onlar Ermənistan ərzisindəki tarixi torpaqlarımızda Azərbaycan xalqına aid maddi-mədəniyyət abidələrinə qarşı da həyata keçiriblər. Təkcə bir faktı diqqətə çatdıraq ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bunu da erməni xislətinə uyğun olaraq "gözə kül üfürmək”dən ötrü saxlayıblar.

Əlbəttə, bütün bu dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar. "Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir” deyir dövlət rəhbərimiz.

Müqəddəs məkanlarımızdan, o cümlədən Zəngilandakı məsciddən tövlə kimi istifadə etməklə ermənilər bütün müsəlman, islam dünyasının dini heysiyyətinə toxunaraq bir daha azğınlaşdıqlarını göstərdilər. Bu, vandalizm aktlarına indi tək Azərbaycan dövləti yox, beynəlxalq təşkilatlar tərəfindən də qiymət verilməlidir. Belə mənfur əməllər lazımınca pislənməli və ciddi hüquqi ölçü götürülməlidir. Çünki bu cür əməllər böyük bir toplumun içində yuva qurmuş dəhşətli bir xəstəliyin əlamətidir və bu xəstəlik bütün dünyaya təhlükə yaradır.

Azərbaycan əvvəlki illərdə də beynəlxalq təşkilatlara çağırışlar edərək bəyan edirdi ki, ermənilər işğalda saxladıqları tarixi torpaqlarımızda mədəni abidələrə qarşı soyqırımı həyata keçirirlər. Amma təəssüf ki, buna elə də əhəmiyyət verən olmurdu. Bu gün işğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir.
Azad edilmiş torpaqlarda hər şey dağıdılıb, şəhərlər, kəndlər, evlər, tarixi abidələrimiz viran qalıb. Təsadüfi deyil ki, Ağdam kimi möhtəşəm bir rayonu xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Ölkə başçısı dəfələrlə deyib ki, Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları belə məhv ediblər, loru dildə desək şumlayıblar! Onlar məqsədli şəkildə qəbirləri dağıdıblar. İslam aləmi üçün də vacib dəyərli dini məkanlar olan 60-dan çox qədim məscidi dağıtdılar və bir qədər də uzağa gedərək yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxladılar... Bütün bunların adı isə erməni vandalizmi idi!

Ermənilərin postmüharibə dövründə də hərbi cinayətləri davam edir. Belə ki, onlar əllərində olan minalanmış sahələrin xəritələrini təqdim etməməklə daha çox insan itkisinə nail olmağa çalışırlar. Bu barədə ölkə başçısı da Türkdilli Ölkələrin Zirvə görüşündəki çıxışı zamanı da xüusi olaraq vurğulamışdı ki, minaların xəritəsi Azərbaycana bu günə qədər təqdim edilməyib və müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs, hərbçi minaya düşərək həlak olub və yaralanıb. “Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir”-, deyən ölkə başçısı bu səbəbdən də minalardan təmizləmə işinin daha çox vaxt aparacağını qeyd etmişdi. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara da bilmərik.






Son Xəbər