XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
22-03-2021, 11:32

Azıx mağarası bəşəriyyətin ən qədim tarixinin qorunduğu milli sərvətimizdir

Azıx mağarası bəşəriyyətin ən qədim tarixinin qorunduğu milli sərvətimizdir

Azərbaycan Prezidentinin bu səfərini əlamətdar edən məqamlardan biri də onun Azıx kəndinə getməsi oldu.

Azıx mağarasının dünyanın ən qədim insanının yaşayış yerlərindən biri olduğunu bildirən dövlət başçısı buranın Azərbaycan tarixinə məxsus olduğunu deyib, Azıxı tarixi sərvətimiz adlandırıb. Prezident Ermənistan bu mağarada da qanunsuz olaraq işlər apardığını, xaricdən qanunsuz olaraq alimlər gətizdirdiyini, onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurduğunu bildirib, bu ziyanın hamısını ödəyəcəklərini, onları buna məcbur edəcəyimizi bəyan edib.

Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan qələbə qazanmaq üçün müharibədə olduğu qədər işğaldan azad olunmuş ərazilərin bərpası və qurulmasında, eyni zamanda həmin ərazilərdəki mədəniyyət, tarixi-dini abidələrin bərpası və qorunmasında da qətiyyətlidir.
Hər kəs həqiqəti bilməli və görməlidir. Dövlət başçısının dediyi kimi: “Kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, cavabını alacaq, necə ki, bu günə qədər alıb”.

Qeyd edək ki, Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıx adamı adlandırırlar) yaşayış məskəni olub.

1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Azıx mağarasında, həmçinin ayının, şirin, kərgədanın, maralın, atın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır.

Azıx mağarasında ocaq izləri və daş alətləri də tapılmışdır. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Azıx mağarasının sahəsi 800 kv.km.-dir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.






Son Xəbər