XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
22-03-2021, 10:51

"Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir"

"Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və  mədəniyyətinə hörmət edən dövlətdir"

"Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir"

Azərbaycan 44 günlük müharibədə yalnız hərb müstəvisində qələbə qazanmadı. Eyni zamanda, 30 il ərzində erməni vandalizminin qurbanı olan ərazilərimin bərpası ilə bağlı plana malik olduğunu göstərdi.

Prezident Cənab İlham Əliyevin çıxışında toxunduğu bir məqam xüsusilə diqqəti çəkir - Azərbaycan Ordusu mülkü erməni əhalisini hədəf seçməyib və yalnız terrorçulara qarşı əməliyyat keçirib.

Bu, Azərbaycan xalqının mənəvi dəyərlərinin nə qədər yüksəkdə olduğunun bariz nümunəsidir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb, onun hədəfi heç vaxt mülki ermənilər, dinc əhali olmayıb. Ermənistan hakimiyyəti isə ötən əsrin 90-cı illərində olduğu kimi, bu dəfə də məhz dinc azərbaycanlıları terrora məruz qoydu. 44 günlük savaş ərzində ermənilər Gəncədə, Bərdədə, Tərtərdə, Mingəçevirdə və digər ərazilərdə mülki insanları qətlə yetirdilər. Bu, ermənilərin ilk anti-insani və hərbi cinayətləri deyildi. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada dinc sakinləri soyqırımına məruz qoyan Ermənistan bu dəfə də mülkü əhalini hədəf seçdi və Azərbaycan Ordusunun “dəmir yumruğu” nəticəsində ağ bayraq qaldırmağa məcbur oldu. 44 günlük anti-terror əməliyyatı zamanı, baxmayaraq ki, ermənilər Azərbaycanın mülkü əhalisini hədəf seçirdi, Bakı ermənilərin mülkü sakinlərinə qarşı humanist addımlarını davam etdirdi, onlara humanitar dəhliz verməklə yanaşı, girovlara tibbi xidmət göstərərək, onları öz ailələrinə təhvil verdi.

Azərbaycanın bu humanist addımlarını dünya mediası da diqqətdən kənarda saxlamadı və Azərbaycanın yalnız hərbi baxımdan üstün olmadığını, eyni zamanda humanizm müstəvisində də ön sırada getdiyini vurğuladı.
Səfər zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin icrasına başlanılmasının anonsunu da verdi: “Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq”.

Dövlət başçısı bir daha bəyan edib ki, bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, bu yerlərə həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.

Təsadüfi deyil ki, Prezident işğaldan azad edilmiş ərazilərə hər dəfə səfər edərkən, hansısa infrastruktur layihəsinin təməlini qoyur, hansısa layihənin açılışını edir. Budəfəki səfər zamanı da dövlət başçısı Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Müharibənin bitməsindən cəmi 4 ay keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlayıb, bu yolların çəkilişi isə quruculuq işlərinin daha da sürətli aparılmasına imkanlar yaradacaq.

Prezident İlham Əliyev səfər zamanı Hünərli və Tuğ kəndlərindəki Alman məbədlərinə də baş çəkib, erməni vandallarının qədim kilsələri özününküləşdirməyə cəhd etdiklərini bir daha bütün dünyaya bəyan edib, “Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin - alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar”, - deyə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Hünərli və Tuğ kəndlərindəki Alban məbədləri də bərpa olunacaq, udi qardaşlarımıza qaytarılacaq. Azərbaycan dövlətinin bu Alban məbədlərini bundan sonra qoruyacağını qeyd edən Prezident ölkəmizdə bütün dinlərə, bütün inanclara, bütün etiqadlara hörmətlə yanaşıldığını, müxtəlif dinlərə aid məbədlərin fərq qoyulmadan mühafizə olunduğunu, bərpa edildiyini bir daha bildirərək, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı dövlət olduğunu, multikultural dəyərlərə üstünlük verdiyini dünyaya çatdırdı.






Son Xəbər