XƏBƏR, MANŞET-SLAYDER
22-03-2021, 10:28

Hadrutdan verilən mesaj: Bu əməliyyat dünya hərb elmində xüsusi yer tutacaq

Hadrutdan verilən mesaj: Bu əməliyyat dünya hərb elmində xüsusi yer tutacaqAzərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti dəfə edib.

Qərbinfo.az xəbər verir ki, Dövlət başçısı bu dəfə Füzuli və Xocavənd rayonlarında olub, Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb və çıxış edib.

Hadrud qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrud əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.

Qeyd etmək lazımdır ki, bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Bu baxımdan, Prezident İlham Əliyevin Hadrutda Azərbaycan bayrağını qaldırmasının çox böyük rəmzi mənası var.

Prezident Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

Ali Baş Komandan İlham Əliyevin açıqlamasından da göründüyü kimi, Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.

Prezident İlham Əliyev bu məsələyə toxunaraq, erməni yalan təbliğatının da iflasa uğradığını göstərib: ”Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər, eyni zamanda Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir.

Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.

Prezident Əliyev Hadrut qəsəbəsinə səfəri zamanı qazandığımız qələbəni belə qiymətləndirdi: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.






Son Xəbər