XƏBƏR, SİYASƏT
9-03-2021, 10:57

“Şanlı Qələbəmizdə Azərbaycan gəncliyinin rolu” - Şəmkir RİH-in əməkdaşı

“Şanlı Qələbəmizdə Azərbaycan gəncliyinin rolu” - Şəmkir RİH-in əməkdaşı

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.

Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən qüvvəsi və yaşlı nəslin davamçısıdır, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanır.

Nəsillər dəyişir, ölkələr inkişaf edir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin təminatçısıdır.

1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir".

Məhz həmin gündən Azərbaycan gənci dayanmadan bu vəzifənin öhdəsindən gəlməyə çalışır. Vətən müharibəsində əldə olunan qələbədə Azərbaycan gəncinin danılmaz rolu var.

Azərbaycan gənci 44 günlük müharibə dövründə bir daha nəyə qadir olduğunu sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında gedən döyüşlərdə iştirak edənlərin mütləq əksəriyyəti gənc nəslin nümayəndəsi idi. O gənc nəsil ki, ötən əsrin sonlarında dünyaya göz açmış, yaxud da, öz ata baba yurdlarından zorla didərgin salınmış körpələr olmuşdur. Müharibənin aktiv fazası cəbhədə olsa da, Lideri ilə eyni hissləri bölüşən gənclik gecə gündüz dayanmadan cəbhədən kənarda baş verən proseslərin idarə olunmasında, zəfərə aparan digər siyasi və təbliğat - təşviqat yönümlü həmlələrin dəstəklənməsində iştirak etmişdir.

Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdə kimi dirayətli addımları, əks hücum əməliyyatlarına birbaşa özünün rəhbərlik etməsi, eyni zamanda siyasi müstəvidə əldə etdiyi uğurlar və hər an Azərbaycan xalqının eləcə də, xalqın aparıcı qüvvəsi olan gənclərin dəstəyini yanında hiss etməsi ölkəmizi hər gün qələbədən qələbəyə apardı.

Bunun nəticəsi olaraq qısa müddət ərzində, cəmi 44 günə “Şanlı qələbə”miz təmin edildi.

Qələbə qazanılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Azərbaycan gəncinin vəzifəsinin başa çatması kimi qiymətləndirilməməlidir. Qələbənin qazanılması çətindir, onu qoruyub saxlamaq daha çətindir. Biz gənclər bugün Cənab Prezidentin ətrafında sıx birləşməliyik. Ölkəmizə qarşı qarayaxma kompaniyaları aparan düşmənlərimizə qarşı birgə mübarizə aparmalıyıq. Eyni zamanda mənfur düşmən tərəfindən dağıdılmış Qarabağımızı yenidən “cənnət məkana” çevirməliyik.

Müharibə başa çatan kimi Qarabağda başlanan sürətli quruculuq işlərində yaxından iştirak etməliyik. Böyüklərimizin bizə öyrətdiyi vətən sevgisindən, qəlbimizdəki gənclik ruhundan ilhamlanaraq ölkəmizi daha yüksək zirvələrə qaldırmalıyıq.

Miraqil Cavadov






Son Xəbər