XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
2-03-2021, 09:00

Prezident milli maraqlarımızın təmin olunması üçün mühüm mesajlar verdi

Prezident milli maraqlarımızın təmin olunması üçün mühüm mesajlar verdi

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu.

Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu, media təmsilçilərinin də diqqətindən yayınmır, onların da yaxşı mənada təəccübünə səbəb olurdu. Əslində, bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi: "Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında eyni zamanda bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi. Onlardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək".

Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza vəd etdiyi mühüm perspektivlərlə bağlı idi: "Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana da mühüm ismarıclar verdi. Bəlli oldu ki , Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni, həm də tarixi fürsət yaradıb. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, əgər Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər və nəticədə, bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, əgər kimsə Ermənistanın olmayan ordusunu moderinizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur".






Son Xəbər