XƏBƏR, SOSİAL
1-03-2021, 16:23

Şəmkirdə narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Şəmkirdə narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 0,156 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Zamanovun yeri müəyyənləşdirilərək rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı onun üzərindən 16 ədəd müxtəlif bükülüdə ümumi çəkisi 8,021 qram qurudulmamış marixuana aşkarlanıb. R.Zamanov istintaqa ifadəsində narkotik vasitəni yaxın dostu rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.

Davam etdirilən tədbirlər nəticəsində N.Həsənov da saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı ondan 5,981 qram marixuana götürülüb. N.Həsənov ifadəsində narkotik vasitəni işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Polis əməkdaşları həmin yerə baxış keçiriblər. Oradan 3 kiloqram 490 qram qurudulmuş marixuana və 12 ədəd çətənə bitkisinin kolları aşkarlanıb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Son Xəbər