XƏBƏR, SOSİAL
24-02-2021, 20:28

Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür

Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun şücaəti sayəsində biz ötən ildə iki düşmənə - koronavirusa və ermənilərə qarşı mübarizə apardıq və hər iki döyüşdə qalib gəldik.

Qərbinfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, erməni faşistlərinin vurduğu yaralar çox dərindir və onun sağaldılmasına illər, səbr və əməli tədbirlər lazımdır: "Çünki erməni təcavüzkarları işğal etdikləri bütün şəhər və kəndləri tamamilə dağıdıblar, daşı daş üstündə qoymayıblar. Onlar bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatına da ağır zərbə vurublar. Mütəxəssislərin hesablamalarına görə aqrar sahəyə dəymiş ziyan on milyard manatlarla ölçülür. Həmin ərazilərdə yüzlərlə kənd təsərrüfatı xarakterli obyektlər, çox saylı emal müəssisələri, zavodlar, yüz minlərlə mal - qara, işlək maşın - mexanizmlər, göl və su anbarları, maşın - traktor parkları məhv edilmişdir. Hidrotexniki qurğular, kollektor - drenaj şəbəkələri, kanallar, su hövzələri tamamilə dağıdılmışdır.

İşğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq - əkin, örüş - otlaq və biçənək sahəsi illər boyu istifadə edilmədiyindən yararsız hala düşmüşdür. Bütün bunlara baxmayaraq son 17 ildə Azərbaycan iqtisadiyyatı 3.4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. Keçən il çətin şəraitdə aqrar sahədə çalışanlar, top, raket atəşi altında bol məhsul yetişdirmiş və demək olar ki, ili yaxşı nəticələrlə başa vurmuşlar. Pambıqçılar 336 min ton hər hektardan 33.6 sentner məhsul götürmüşlər. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 3257.1 ton taxıl istehsal edilmişdir. Üzüm, tütün istehsalı əvvəlki illərdən artıq olmuşdur. Meyvə - giləmeyvə, yaşıl çay yarpağı, tərəvəz, kartof, bostan məhsulları da artımla yerinə yetirilib".

Komitə sədri qeyd edib ki, Dövlət Başçısının tapşırıqlarına əsasən Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələr, kadr islahatları, qabaqcıl təcrübənin, yeni texnologiyaların isə tətbiqi, tapşırılan iş üçün məsuliyyətin artırılması uğurlu nəticələrə zəmin yaradıb və aqrar sektorda işlər daha da canlanıb:

"Əlbəttə ki, işğaldan azad olunan ərazilərin bərpası qarşıya çox vacib və təxirəsalınmaz vəzifələr qoyur. Daha ciddi tədbirlər görməyi tələb edir. Artıq bu sahədə bir sıra işlər görülmüşdür. Minalardan təmizlənmiş təhlükəsiz ərazilərdə 7 min hektardan artıq sahədə əkin aparılmışdır. Builki mövsümdə daha 20-25 min hektarda yeni əkin aparılması nəzərdə tutulmuşdur. 100 min hektar sahənin suvarılması təmin ediləcəkdir. Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlar öz münbitliyinin və məhsuldarlığına görə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol pambıq, taxıl, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilmiş, heyvandarlıq inkişaf etdirilmişdir. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə alacaqdır. Möhtərəm Prezidentimizin rəhbərliyi sayəsində düşmənlə mübarizədə olduğu kimi ərazilərin bərpa edilməsində də xalqımız həmrəylik nümayiş etdirir, ərazilər minalardan təmizlənir, yollar çəkilir, su elektrik stansiyaları istifadəyə verilir, abadlıq işləri sürətləndirilir. Aqrar sektorun inkişafının təməli qoyulur. Əminik ki, torpaqlarımız cənnətə çevriləcək və həmin ərazilərdə aqrar sahə də sürətlə inkişaf etdirilərək ölkə iqtisadiyyatına yeni töhfələrini verəcəkdir".






Son Xəbər