XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
6-02-2021, 13:32

Xalqın rifahına xidmət edən prioritet istiqamətlər

Xalqın rifahına xidmət edən prioritet istiqamətlər

İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin etməli, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir.

İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcəkdir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Regionların tarazlı inkişafı dövlətin ümumi sürətli inkişafına xidmət edir. Regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq önəmli vəzifələrdəndir. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir.

Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsilin qurulması; yaradıcı və innovativ cəmiyyətin formalaşması; vətəndaşların sağlam həyat tərzinin formalaşması.

Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.

Ətraf mühit və “yaşıl artım” ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması. Qərbinfo.az






Son Xəbər