XƏBƏR, SOSİAL
14-01-2021, 17:20

Bizi izləyən mobil tətbiqlər - ARAŞDIRMA

Bizi izləyən mobil tətbiqlər - ARAŞDIRMABu gün informasiya texnologiyaları həyatmızın ayrılmaz bir hissəsinə çevrilib. Mobil tətbiqlər isə bizim demək olar ki, ən yaxın köməkçilərimizdir. İstənilən yerdə mobil tətbiq vasitəsilə taksi sifariş edirik və yaxud hansısa işimizi həyata keçiririk. Bəli, bütün bunlar həyatımızı asanlaşdırır. Ancaq bu tətbiqlərin mənfi tərəfləri haqqında heç nə düşünmürük. Fərqində deyilik ki, bu mobil tətbiqlər bizə heç də əvəzsiz xidmət göstərmir, o tətbiq vasitəsilə bizdən də istifadə olunur. Yəni bizim yazışmalarımız, nə haqqında danışdığımız, hara getdiyimiz, ən çox kiminlə və nə haqqında danışdığımız və s. kimi bir çox məlumatlar bu tətbiqlər tərəfindən izlənilir, toplanılır və hansısa məqsədlər üçün istifadə edilir.

Bu məlumatların reklam və kommersiya məqsədləri ilə, yəni insanların məlumatlarnı, hərəkətərini və yazışmalarnı izləməklə onların maraq dairəsinə uyğun reklamın göstərilməsi və bu yolla reklam verən tərəfə də uyğun auditoriyanı təqdim etməklə ödənişin alınması üçün istifadə olunur.

Sözdə belədir, ancaq dünyada baş verən bir sıra hadisələr göstərir ki, bizim haqqımızda toplanan məlumatlar tamam başqa məqsədlər üçün də istifadə oluna bilər. Misal üçün, "Cambridge Analytica" şirkəti ətrafında qalmaqalı xatırlatmaq yerinə düşər. Belə ki, şirkət 87 milyon "Facebook" istifadəçisi haqda fərdi məlumatları toplayıb və sonradan ABŞ-da keçirilən prezident seçkiləri, eləcə də Böyük Britaniyanın Aİ-dən çıxmasına dair referendum zamanı bu məlumatlardan siyasi reklam üçün istifadə etmişdi, nəticədə isə "Facebook" 5 milyard dollar cərimə edildi.

2013-cü ildə "Facebook"un aldığı ONAVO servisinin təklif etdiyi pulsuz VPN istifadəçisinin hansı saytlara daxil olması və hansı əlavələrdən istifadə etməsi haqda məlumatları topladığı üzə çıxdı.

"WhatsApp" vasitəsi ilə kompüterlərdən faylların oğurlanması da mümkündür. Mütəxəssislər bu faktı açıqladıqdan sonra "WhatsApp" belə problemin olduğunu etiraf edib, amma artıq aradan qaldırlıdığını bildirib.

Bir sıra ölkələrdə qadağan olunmuş Çinin TikTok əlavəsi isə istifadəçilərin adları, ünvanları, parolları, telefonundakı əlavələr, internet aktivliyi haqda məlumatları toplayır, üstəlik, hər 30 saniyədən bir onun yerləşdiyi ərazini – hərəkət marşrutunu - müəyyən edir.

Ola bilər, bir çoxumuz düşünə bilərik ki, mənim haqqımda məlumat toplayıb nə edəcəklər?! Mən sıravi vətəndaşam, mənim məlumatların kimə lazımdır?! Fərdi qaydada sizin düşüncəniz bəlkə də yanlış deyil, lakin nəzərə almaq lazımdır ki, bütün insanlar barədə fərdi məlumatlar toplanaraq ümumiləşəndə, artıq fərdin yox, əhalinin müəyyən hissəsinin – peşə, din, etnik mənsubiyyət, dil və digər kateqoriyalar üzrə qrupların, elitaların, prioritetləri, istəkləri, düşüncələri və prinsipləri haqda rəy formalaşdırmaq və bunu manipulyasiya vasitəsinə çevirmək mümkündür.

Görünən odur ki, işimizi asanlaşdıran, əyləncə vasitəmizə, həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil tətbiqlər eyni zamanda bizim üçün, cəmiyyətimiz üçün də təhlükə mənbəyinə çevrilir. Biz də öz növbəmizdə diqqətli olmalı, tətbiqlərin bizim haqqımızda çox məlumat toplamasına imkan veməməliyik.






Son Xəbər