XƏBƏR, SİYASƏT
20-11-2020, 18:49

Fransa Senatından separatizmə açıq dəstək

Fransa Senatından separatizmə açıq dəstək

Fransa rəhbərliyi ikinci Qarabağ müharibəsi başlayandan bu günə kimi ermənilərin maraqlarından çıxış edir, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verir.

Paris meriyasının ardınca indi də Fransa Senatı separatçılara dəstəyini göstərməyə hazırlaşır. Belə ki, Senat noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır.

Düzdür, Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır.

Amma qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən çox, onun tanınmağa ehtiyac olduğu iddiası lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır.

Əslində Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd “qəbul oluna bilər” başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə verilmir.

Qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısının Makron hökumətinə qarşı olması iki versiyanı ortaya çıxarır: bu ya hökumət və Senat onun senatdakı opponentləri arasında ziddiyyətlərin növbəti təzahürüdür, yaxud da prezident Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.

Qeyd edək ki, Fransa parlamenti 2 palatadan ibarətdir: Milli Assambleya və Senat. Senatorların sayı 348 nəfərdir. Təbii ki, özünə demokratik ölkə deyən Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Sirr deyil ki, müharibənin yekunlaşmasından sonra bu cür siyasi gedişlərin arxasında ciddi maraqlar dayanır. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Fransanın hazırkı cəhdləri yalnız ermənipərəst mövqenin nümayişi deyil, həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiya ilə Türkiyənin münaqişənin həlli istiqamətində göstərdiyi səylərə qarşı yönəlib. Fransa Rusiya və Türkiyənin münaqişənin həllində fəallığını qəbullana bilmir. Maraqlıdır, separatizmə dəstək nümayiş etdirən bir ölkə öz ərazisində oxşar halın təkrarlanması ilə razı olarmı?

Bununla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyev də xüsusi olaraq fikirlər səsləndirmişdi. Ölkə başçısı demişdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Qısası bu gün Azərbaycanı qınayanlar, separatizmə açıq dəstəyini davam etdirənlər dönüb öz tarixlərinə nəzər salsınlar, Azərbaycanda görmək istədiklərini öz ölkələrində tətbiq etməlidirlər. Şübhəsiz ki, Senatın məlum hazırlığı da digər cəhdlər kimi nəticəsiz olacaq.






Son Xəbər