XƏBƏR, SİYASƏT
25-09-2020, 21:24

Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur

Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur

Ermənistan 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Beləliklə, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini qulaqardına vurur.

Qərbinfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib: “Xocalıda və digər işğal olunmuş ərazilərdə Azərbaycanın dinc əhalisinə qarşı insanlığa sığmayan soyqırımılar törədib. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qondarma və terrorçu rejim yaradıb, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirir ki, bu da 1949-cu il Cenevrə konvensiyasına əsasən müharibə cinayətidir.

İşğal olunmuş Azərbaycan ərazilərinə köçürülənlər Suriya, İraq, Livan və digər ölkələrdə terrorçuluq fəaliyyəti ilə məşğul olmuş muzdlu döyüşçülərdir. Eyni zamanda, erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlar törətməyə və müharibəyə hazırlaşır. Ermənistan bu əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini kobud şəkildə pozur. Ermənistan çalışır ki, bu cür çirkin əməlləri ilə status kvonu saxlasın. Bütün bunlar regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olur, regionda sabitliyə böyük təhdidlər yaradır. Eyni zamanda, son vaxtlar Ermənistan intensiv surətdə silahlandırılır”.

Komitə sədri vurğulayıb ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərində mədəni, tarixi abidələrimizi, məscidlərimizi vəhşicəsinə dağıdır və dağıdılmış məscidlərdə hevanlar saxlayırlar:

“Bu isə Ermənistanın riyakar və iyrənc siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Ermənistan işğal edilmiş ərazilərimizdə təbbi resurslarımızı istismar edir və regionda ekoloji böhran yaradır”.

Z.Əsgərov təəssüflə bildirib ki, Ermənistanın bu cür iyrənc və təxribatçı əməllərinə, müharibə hazırlıqlarına qarşı heç bir beynəlxalq təzyiq yoxdur:

“Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu isə yalnız quru bəyanatlar verməklə məşğuldur, Ermənistana qarşı hər hansı bir tədbir görmür, əməli və konket addımlar yoxdur.

Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı bir daha Ermənistanın işğalçı, faşist və terrorçu mahiyyəti haqqında mesaj verdi və bildirdi ki, Ermənistan müharibəyə başlasa, baş verə biləcək nəticəyə görə bütün siyasi və hüquqi məsuliyyət onun üzərinə düşəcək. Hesab edirəm ki, həm Ermənistan, həm də onun havadarları cənab Prezidentin bu mesajından nəticə çıxarmalıdır. Əks halda, Ermənistan üçün nəticələr olduqca ağır olacaq.

Bu gün Azərbaycanın qüdrətli ordusu nəinki Ermənistanın yeni təxribatlarının qarşısını almağa qadirdir, eyni zamanda işğal olunmuş torpaqlarımızı qısa müddətdə terrorçulardan təmizləmək gücündədir. Həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı və son Tovuz döyüşləri Azərbaycan ordusunun qüdrətini və döyüş əzmini, eyni zamanda xalqımızın vətənpərvərlik ruhunu, torpaqlarımızı işğaldan azad etmək iradəsini ortaya qoydu”.






Son Xəbər