XƏBƏR, SİYASƏT
21-09-2020, 16:53

Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq

Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq

Ermənistanın Azərbaycana qarşı hər hansı silahlı müdaxiləsi ilk növbədə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq.

Bunu Qərbinfo.az-a Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın böyük müharibəyə hazırlaşması barədə məlumatının olması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin bu addımının acı nəticəsini mahiyyət etibarilə Ermənistan xalqı çəkəcək:

“Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlar aparmaq istəməsi çox acı nəticələrə gətirib çıxara bilər. Ermənistan Azərbaycanla silah gücü ilə danışa bilməz. Bu gün Ermənistanın hərbi potensialı Azərbaycanla müqayisə olunmayacaq dərəcədə aşağıdır. Eyni zamanda, bu gün münaqişənin həlli üçün aparılan danışıqlar heç bir nəticə vermir. Öz torpaqlarını antiterror əməliyyat kimi silah yolu ilə azad etmək Azərbaycan dövlətinin suveren hüququdur”.

Bu gün Ermənistan hökumətinin iqtisadi problemlərlə üz-üzə olduğunu deyən M.Dərziyev əlavə edib ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi böyük iqtisadi layihələrdən kənarda qalıb. Amma Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirməsəydi, bu layihələrdə iştirak edə bilərdi: “Bu layihələrin Ermənistan üzərindən həyata keçirilməsi onların daha qısa məsafə ilə başa gəlməsinə səbəb olardı. Bu gün Ermənistan bu siyasəti nəticəsində özünü dalana dirəyib və onun buradan çıxışı yoxdur. Bu işğal da sonsuza qədər davam edə bilməz. Bu gün bütün dünya bilir ki, bu danışıqların aparılmasının mahiyyəti yoxdur və heç bir nəticə vermir”.

M.Dərziyev əlavə edib ki, Ermənistan Azərbaycana qarşı vaxtaşırı təxribatlar törədir: “Bu yaxınlarda Tovuzda belə təxribatlar nəticəsində şəhidlərimiz oldu. Gürcüstan Azərbaycanın bu problemlərini çox yaxından başa düşür. Azərbaycan və Gürcüstan həmişə bir-birini dəstəkləyir, bir-birinin ərazi bütövlüyünü tanıyır”.

Deputatın sözlərinə görə, Gürcüstan dövlətinin mövqeyi ondan ibarətdir ki, bu məsələlər sülh yolu ilə həll edilməlidir. Gürcüstan bu gün Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsində tərəf olmaq istəmir:

“Gürcüstanın özünün ərazi bütövlüyü problemi var. Eyni zamanda, Gürcüstanda böyük erməni diasporu var. Kiçik Gürcüstanın bu problemə cəlb olunması fəlakətli nəicələrə səbəb ola bilər. Amma Gürcüstan ictimaiyyəti birmənalı olaraq Azərbaycanın yanındadır. Burada hər kəs gözəl bilir ki, Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğalçı dövlətdir”.






Son Xəbər