XƏBƏR, ŞƏMKİR VİRTUAL TUR
11-08-2020, 10:47

Şəmkirdə buğda sahələrində orta məhsuldarlıq 34,3 sentner təşkil edir

Şəmkirdə buğda sahələrində orta məhsuldarlıq 34,3 sentner təşkil edir

Bərəkətli torpaq, şirin su mənbələrinə yaxınlıq, sağlam toxum, bir də əkin sahəsinə göstərilən düzgün qulluq. Bütün bunlar hər bir əkinçiyə mənfəət gətirən və onun zəhmətini səmərəli edən əsas amillərdir. Məhz Şəmkirdə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və bu sahədə olan problemlərin vaxtında həlli yollarının tapılmasının nəticəsidir ki, rayon zəhmətkeşləri bu il də öz sahələrindən bol məhsul əldə ediblər.

Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə, ümumilikdə, 165 min 631 hektar torpaq sahəsi var. Bundan 43 min 525 hektarı dövlət, 73 min 240 hektarı bələdiyyə, 48 min 866 hektarı isə xüsusi mülkiyyətə məxsus torpaqlardır. Rayonun əkinə yararlı 46 min hektar torpaq sahəsindən 40 min 500 hektarı suvarılan torpaq sahələridir.

Cari ildə 40 min 662 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 204 hektar sahədə taxıl əkilib. Bu, ötənilki dövrlə müqayisədə 0,5 faiz çoxdur. Bu günədək 40-a yaxın kombayn vasitəsilə 5121 hektar buğda sahəsi biçilib. Hər hektardan orta məhsuldarlıq 34,3 sentner olmaqla 17560 ton buğda yığılıb. 3464 hektar arpa sahəsindən isə hər hektardan orta məhsuldarlıq 31,6 sentner olmaqla 10946 ton məhsul əldə edilib.

Hazırda biçin işləri rayonun yüksək dağlıq ərazilərində davam etdirilir.

Qərbinfo.az






Son Xəbər