XƏBƏR, DÜNYA, SİYASƏT
13-07-2020, 23:30

Misirin diplomatik nəşri Azərbaycan XİN-in Ermənistanın təxribatı ilə bağlı açıqlamasını yayıb

Misirin diplomatik nəşri Azərbaycan XİN-in Ermənistanın təxribatı ilə bağlı açıqlamasını yayıb

Misirin “Aldiplomasy” nəşri və “Şbabalnil” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın təxribatı ilə bağlı AZƏRTAC-ın saytında yerləşdirilmiş açıqlamasını yayıb.

Bu barədə Qərbinfo.az xəbər verir.

Misir ictimaiyyətinin və Qahirədəki diplomatik korpusun diqqətinə çatdırılır ki, Ermənistan silahlı qüvvələrinin bu təxribat əməli təcavüzkar ölkənin rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Qeyd olunur ki, təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.

“Aldiplomasy”nin yaydığı xəbərdə vurğulanır ki, Azərbaycan XİN Ermənistanın bu cür təxribat əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışdığını bəyan edib. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya bəllidir. Vəziyyətin gərginləşməsinə xidmət edən belə təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Oqtay Bayramov






Son Xəbər