XƏBƏR, SOSİAL
1-07-2020, 12:09

Toy keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edildi

Toy keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən  azad edildi


Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Xuluf kənd icra nümayəndəsi işdən azad edilib.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir rayonunda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə də zəruri tədbirləri davam etdirilir.

İnsanların sağlamlığının qorunmasına yönəlmiş görülən işlərə xələl gətirənlərlə bağlı isə qanunamüvafiq ciddi tədbirlər görülür.
Bu işlərin bir parçası olaraq Şəmkir rayonunun Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.
Belə ki, ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

Şəmkir RİH başçısının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Şəmkir RİH başçısı yanında Operativ Qərargah olaraq bildiririk ki, rayonumuzda bu kimi hallara yol verən, əhalinin sağlamlığına yönəlmiş tədbirlərdə məsuliyyətsizlik edən, epidemiya əleyhinə rejimin tələblərini pozan bütün məmurlara qarşı anında ciddi tədbirlər görüləcək.






Son Xəbər