XƏBƏR, SİYASƏT
20-05-2020, 16:23

Nasizmə qarşı etibarlı sipərin olması vacibdir

Nasizmə qarşı etibarlı sipərin olması vacibdir

Böyük Vətən müharibəsinin Qələbə yaylım atəşləri bizdən uzaqlaşdıqca, müəyyən siyasi dairələr 75 il bundan əvvəl baş verən hadisələri şübhə altına qoymaq və hətta yenidən yazmaq kimi cəhdlərində daha da israrlıdırlar. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, psixoloq Nataliya Krasovskaya bu tendensiyanın müasir dünya üçün nə dərəcədə təhlükəli olması barədə mülahizələrini bildirir.

-Nataliya Rudolfovna, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qələbənin 75 illiyi ilə bağlı İkinci Dünya müharibəsinin bütün iştirakçılarına, müharibə iştirakçılarının dul qadınlarına, həmçinin həmin dövrdə arxa cəbhədə çalışan şəxslərə birdəfəlik maliyyə yardımı təqdim edilib. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva bu müharibədə həlak olanların abidələri üzərinə birlikdə gül və əklillər qoymaq üçün hər il mayın 9-da veteranlarla görüşürlər. Siz azərbaycanlıların veteranlara və Böyük Vətən müharibəsinin xatirəsinə münasibətini necə dəyərləndirirsiniz?

-Böyük Vətən müharibəsi Azərbaycan üçün ölkənin tarixində ən faciəli səhifələrdən biridir və biri olaraq qalmaqdadır. Faşizmlə vuruşma illərində cəbhəyə 600 mindən artıq azərbaycanlı yollanıb: əgər nəzərə alsaq ki, müharibədən əvvəl respublikanın əhalisinin sayı indiki ilə müqayisədə 3 dəfə az idi, o halda bu, çox böyük rəqəmdir. Döyüşçülərin təxminən yarısı döyüş meydanlarında həlak olub, buna görə də həm həlak olanların, həm də sağ qalanların xatirəsinə xüsusi həssas münasibət Azərbaycan üçün səciyyəvidir. Qələbə Günü ərəfəsində respublikada “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təsis edilib. Müharibə illərinin bütün ağırlığını öz çiyinlərində daşıyanları dəstəkləmək üçün dövlət tərəfindən xeyli vəsait ayrılıb, lakin bu iş birdəfəlik yardımla məhdudlaşmır: müharibə iştirakçılarına qayğı göstərilməsi daimi xarakter daşıyır. Müharibə iştirakçılarının əksəriyyətinin yaşı 90-ı keçib, lakin Prezident İlham Əliyevin öz müsahibələrində qeyd etdiyi kimi, veteranlar bu gün də vətənpərvərlik örnəyi olaraq və azərbaycanlıların gənc nəslinə enerji ötürərək yüksək mənəvi ruh, nikbinlik və həyat eşqi nümayiş etdirirlər.

-Son vaxtlar Ermənistanda baş nazir Nikol Paşinyanın babasının keçmişi ilə bağlı qalmaqal qızışır. Əksər KİV-lər öz təhqiqatlarını aparır və ardıcıl olaraq yeni faktlar dərc edirlər. Sizin fikrinizcə, Paşinyan və onun ətrafı niyə bu məsələyə aydınlıq gətirmirlər?

-Paşinyan tərəfindən susma babası ilə bağlı vəziyyəti təkcə “əyləcdə buraxmaq” cəhdi deyil, həm də Njdenin xatirəsini əbədiləşdirmək məsələsində Ermənistanın mövqeyini qorumaq istəyi kimi görünür. Axı hələ MDB-nin Aşqabad Sammitində Paşinyan Njdeni milli qəhrəman adlandırmış və onu Stalin tərəfindən cəzalandırılmış sovet ziyalılarının nümayəndələri ilə müqayisə etmişdi. Hesab edirəm ki, müstəqil təhqiqat aparılmalı və bununla da Paşinyanın babasının satqın olması sualına cavab verilməlidir. Lakin Ermənistanın hakimiyyət orqanları tərəfindən bundan əvvəlki hakim rejimin faşist əlaltılarına münasibətinə rəsmi şəkildə yenidən baxılması beynəlxalq birliyin gözündə daha mühüm olardı. Əfsuslar olsun ki, biz hələ də Yerevanın mərkəzində Njdenin abidəsini görürük və Paşinyanın yalnız anlaşılmaz şərhlərini eşidirik. Bir faktı da əlavə etmək yerinə düşər ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistanın hakim “Mənim addımım” partiyası müharibə veteranları üçün aylıq ödəmələrin artırılması haqqında qanun layihəsini parlamentin gündəliyinə daxil etməyib. Bu faktları üz-üzə qoymaq düşüncəli adam üçün kifayətdir.

-Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq məkanlarda Ermənistanda nasizmin qəhrəmanlaşdırılması məsələsini qaldıraraq qonşu ölkədə belə tendensiyanın təhlükəli olduğunu qeyd edib. Siz necə hesab edirsiniz, Qafqaz regionu ölkələri bununla bağlı hansı tədbirləri görməlidirlər?

-Hər bir ölkənin tarixində özünəməxsus qara ləkələr mövcuddur. Ermənistanın tarixi üçün bu faciəli səhifə “general Dro” adlandırılan şəxsin rəhbərliyi altında 30 min satqının xidmət etdiyi vermaxtın erməni legionu olub. Lakin erməni xalqının faşizm üzərində Qələbəyə töhfəsi cəmiyyətdən qovulan bir ovuc acizin fəaliyyətindən qat-qat əhəmiyyətlidir. Hazırda Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılmasının dövlət siyasəti dərəcəsinə qaldırılması təəssüf doğurur. Hitlerçi cəllad və hərbi cani Njdeyə qoyulan abidə buna əyani misaldır. Hesab edirəm ki, Ermənistanın da daxil olduğu Müstəqil Dövlətlər Birliyi bu təhlükəli tendensiyaya ən sərt dəyəri verməlidir. Axı faşizmlə mübarizənin əsas yükü indiki postsovet məkanının dövlətləri üzərinə düşüb. Şübhəsiz ki, hərbi tarixin yenidən yazılması və ya İkinci Dünya müharibəsi abidələrinə münasibətdə vandalizmin təzahürü digər beynəlxalq təşkilatların da, o cümlədən ən nüfuzlu beynəlxalq təşkilatların müzakirələrinin əsas predmeti olmalıdır. Özü də onların qəbul etdiyi qərarlarda cəza mexanizmi də nəzərdə tutulmalıdır. Yalnız bu yolla müasir dünyada nasizmi dirçəltməyə yönəldilən bütün cəhdlərin qarşısına etibarlı sipər qoyulacaq.

Qərbinfo.az "AZƏRTAC"-a istinad.






Son Xəbər