XƏBƏR, SİYASƏT
22-04-2020, 21:25

Ermənistanın xilas yolu işğal etdiyi torpaqları geri qaytarmaqdır

Ermənistanın xilas yolu işğal etdiyi torpaqları geri qaytarmaqdır

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir. S.Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Dağlıq Qarabağın özünün işğaldan azad edilməsi, Azərbaycanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əksini tapıb. Əslində S.Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, BMT-nin bu günədək icra edilməyən məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatına münasibət bildirən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilov deyib ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Sergey Lavrov, həm də Elmar Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib bu məsələdə eyni mövqe nümayiş etdirirlər. Rusiyanın Dağlıq Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, böyük dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münxen müzakirələri də ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar qazandığını bir daha göstərdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtisadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması vacib hər bir addımı atacaq.

“Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla digər beynəlxalq təşkilatlar fəallıq sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa münaqişənin həlli istiqamətində uğur əldə etmək mümkündür”, - deyə o vurğulayıb.






Son Xəbər